Qaliblər arasında həmkarımız da var
BAYRAQDAR MEDİA – Aprelin 17-də “Ədibin Evi”ndə Mir Cəlal adına 3-cü hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar arasında həmkarımız, “İki sahil” qəzetinin əməkdaşı Mahir Rəsuloğlu da var.
Qeyd edək ki, Xalq yazıçısı Elçinin sədrliyi ilə on nəfər ədəbiyyatşünas, ədəbi tənqidçi və yazıçılardan ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilən 191 müəllifin 197 hekayəsini fevral ayından başlayaraq mərhələ-mərhələ qiymətləndirdikdən sonra qalibləri açıqlayıb. Münsiflərin qərarına əsasən, Mahir Rəsuloğlu (“Bağışla, səni öldürməliyəm!” hekayəsi), Murad Köhnəqala (“Buğdanın göyə çəkilməsi” hekayəsi) və Zahid Xəlil (“Zirinc kolunun laylası” hekayəsi) III yerə; Daşqın Məmmədov (“Bənövşə xala” hekayəsi) və Cavidan Xəlilova (“Su” hekayəsi) II yerə layiq görülüb. Birinci yerin qalibi isə Seymur Həmzəyev (“Yağışlı bir gün idi” hekayəsi) olub.
Öz sevincini bizimlə bölüşən Mahir Rəsuloğlu deyib ki, “Bağışla, səni öldürməliyəm” birinci Qarabağ müharibəsindən bəhs edən hekayədir: “Doğrusu, bu mövzuda yazmaq məni həmişə qorxudur, müharibənin məndə yaratdığı travmaların, emosiyaların bədii mətnin keyfiyyətinə təsir edəcəyindən ehtiyatlanıram. Deyəsən, “Bağışla, səni öldürməliyəm”də bunun öhdəsindən bir az gələ bilmişəm. Müsabiqəyə 197 hekayə göndərilmişdi. Münsiflərin anonim qiymətləndirməsi nəticəsində 3-cü yeri tutduğum üçün, təbii ki, sevincliyəm. Ortaya daha ciddi bədii mətnlər qoymağa çalışacam. Təşkilatçılara və münsiflərə təşəkkür edirəm”.