Son yeniləmə: 18 Aprel 2023 12:28
BAYRAQDAR MEDİA – Samux Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən əkin sahələrinin suvarılmasını mütəşəkkil təşkil etmək üçün meliorativ tədbirlərini davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 18-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, əkin sahələrinin suvarılması 727 km olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar vasitəsilə aparılır: “Bundan 65 km təsərrüfatlararası, 658 km-i isə təsərrüfatdaxili kanallardır.Kanallarda suyun maneəsiz ötrülməsi üçün əl ilə lildən təmizləmə, kol-kosun təmizlənməsi, boru xətlərinin və hidrotexniki qurğuların təmiri və betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirilir. Torpaqların suvarılması üçün rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri həyata keçirilir. Subartezian quyularında isə nasos və elektrik avadanlığı təmir edilir. Çaylardan gələn selin qarşısının alınması üçün cari il ərzində Gəncə çayında, Qabırrı çayında və Qoşqar çayında torpaq işləri görülüb. Hazırda kanallardan əkin sahələrinə suyun verilməsini təmin etmək üçün daim kanallara nəzarət olunur. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri aparılır, boru kəmərləri təmir olunur. Hazırda kanallar tam işlək vəziyyətdədir”.
Qeyd edilib ki, Samux Suvarma Sistemləri İdarəsi rayonun 30 min hektara yaxın suvarılan torpaqlarına xidmət edir: “Hazırda idarə tərəfindən yaz-yay suvarmasının mütəşəkkil olaraq yerinə yetirilməsi üçün meliorativ tədbirlər həyata keçirilir”.