Son yeniləmə: 17 Aprel 2023 12:51
BAYRAQDAR MEDİA – Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı sərgisi açılıb.
Bu haqda Mərkəzin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “açılış mərasimində çıxış edən HƏM-nin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə məlumat verib. Qeyd edib ki, sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə təqdim edilir. Rəssamın əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək yüzlərlə sərgisi açılıb. Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Bu sərgidə isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur”.
Sonra sərginin kuratoru, rəssamın oğlu Renk Erbil qardaş ölkədə olduğundan məmnunluğunu dilə gətirib və sərgi haqda məlumat verib:”Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam D.Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və HƏM-nə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi sentyabrın 3-dək davam edəcək.