Son yeniləmə: 17 Aprel 2023 16:38
Məcid Cavadi: Bütün bunlar İranın mövcud rejiminin ikiüzlü siyasətini bir daha ortaya qoyur
BAYRAQDAR MEDİA – “İran rejimi guya Azərbaycanla arasında yaranmış (təbii ki, məhz rəsmi Tehranın davranışı ucbatından – M.C) gərginliyi azaltmağa çalışır. “Guya” ona görə deyirik ki, fars-mola rejimi bunu sadəcə görünüş xatirinə edir. Hər halda atılan bəzi addımlar belə deməyə əsas verir”
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
O, qeyd edib ki, bir tərəfdən mülayim davranış sərgiləmək istədiyini təlqin edən fars-molla rejimi digər tərəfdən Azərbaycana qarşı təxribatlardan əl çəkmir: “Məsələn keçmiş xarici işlər naziri Vilayəti guya Azərbaycanla mehriban qonşuluq tərəfdarı olduqlarına dair məqalə yazır. Lakin elə bu məqalədə də panfarsist fikirlər səsləndirir. Azərbaycanın ərazi bütövlüyünü danır. Hətta Azərbaycana ərazi iddiaları irəli sürür. Yəni bir növ belə bir fikir formalaşdırmağa çalışır ki, guya Azərbaycan fars kimliyinin tərkibi olub. Ona görə də İran Azərbaycanla mehriban münasibətlər qurmalıdır”.
M.Cavadinin sözlərinə görə, bu da son deyil: “Azərbaycan vətəndaşlarını İranda həbs edirlər. İran mediasında Azərbaycanın əleyhin olan yazların dərci davam edir. Bütün bunlar İranın mövcud rejiminin ikiüzlü siyasətini bir daha ortaya qoyur. Bunlar Birinci Qarabağ müharibəsində ikiüzlü siyasət yürütdülər. İşğal dövründə və İkinci Qarabağ müharibəsində də bunların ikiüzlü siyasəti davam etdi. Üzdə “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” dedilər. Amma arxada Ermənistana hər cür silah və kəşfiyyat yardımı etdilər. İkinci Qarabağ müharibəsindən sonra və Zəngəzur məsələsində bunlar istədilər ki, ikiüzlülüyü də bir kənara qoyub, tamamilə Ermənistanın tərəfinə keçsinlər və açıq şəkildə Azərbaycana düşmənçilik etsinlər. Amma gördülər ki, alınmır və bu məsələ həm daxildə, həm də xaricdə bunlara ciddi problemlər yaradacaq. Ona görə də görünən budur ki, bunlar keçmiş ənənəvi ikiüzlü siyasətlərinə geri qayıtmaq istəyirlər. Üzdə guya Azərbaycanla yaxşı olsunlar, amma reallıqda Ermənistanı hər cür dəstəkləsinlər”.