Press "Enter" to skip to content

Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsi qadağan edilməlidir

Əkbər Qoşalı

Son yeniləmə: 17 Aprel 2023 09:56

Əkbər Qoşalı: Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş verənlər Ermənistan adlanan ölkədə rasizmin, milli, dini ayrıseçkiliyin qatı bir şəkildə hökm sürdüyünü bir daha göstərdi

BAYRAQDAR MEDİA – “Avropa çempionatının rəsmi açılış mərasimində iştirakçı dövlətin bayrağının yandırılması o deməkdir ki, ev sahibi olan ölkə beynəlxalq tədbirləri qəbul etməyə, keçirməyə layiq və qadir deyil. Avropa və ümumən dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm, nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidir. Eyni zamanda, o qadağa yerinə yetirilməlidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması bir nəfərin, yaxud kiçik bir qrupun gədalığı kimi izah oluna bilməz: “Belə bir yəqinliyi yaradan önəmli amilləri sadalaya bilərik. Birincisi, bu, Ermənistan adlanan dövlətin paytaxtında və digər şəhərlərində Azərbaycan (eləcə də, Türkiyə) bayrağına qarşı ilk sayğısızlıq deyil: dəfələrlə belə hərəkətlər olub və Köçəryan, Sarkisyan dönəmində olduğu kimi, Paşinyan hakimiyyəti də bunun qarşısını almayıb. İkincisi, Azərbaycan Respublikası dəfələrlə beynəlxalq yarışlara, tədbirlərə evsahibliyi edib və bir dəfə də olsun, belə tədbirlərdə Ermənistanın bayrağı yandırılmayıb. Bu ərdəm Ermənistana, onun bekara, müvəqqəti bayrağına sayğıdan irəli gəlməyib, özümüzün özümüzə yaraşdırdıqlarımızdan, ləyaqətimizdən irəli gəlib”.

Müsahibimiz qeyd edib ki, hər hansı beynəlxalq yarışa evsahibliyi edən ölkə ilk növbədə beynəlxalq güvəni sarsıtmamalı, comərdlik nümayiş etdirməlidir: “Lakin Ermənistan belə bir ərdəmə, ləyaqətə sahib olmadığını növbəti dəfə isbatlamış oldu. Uzağa getməyək: ötən il beynəlxalq toplantıda iştirak üçün İrəvanda səfərdə olan millət vəkilləri Soltan Məmmədovla Tahir Mirkişiliyə qarşı ayrı-seçkilik edən, restoranda digər qonaqlardan fərqli olaraq, onlara qulluğu təmin etməyən Ermənistan siyasi rəhbərliyinin zehniyyəti bu dəfə bayraq yandırmaq şəklində təzahür etdi. Beləliklə, İrəvanda Azərbaycanın dövlət bayrağının yandırılması rəsmi İrəvanın ölkəmizə qarşı dövlət səviyyəsində yürütdüyü nifrət siyasətinin növbəti adıyaman nümunəsidir”.

Əkbər Qoşalı bildirib ki, bu, həm də etnik zəmində Ermənistanda Azərbaycan xalqına qarşı nifrətin hökm sürdüyünü bir daha təsdiq edir: “Humanist, sülsevər, dözümlü xalqa qarşı belə hərəkət bağışlanmazdır. Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş verənlər Ermənistan adlanan ölkədə rasizmin, milli, dini ayrıseçkiliyin qatı bir şəkildə hökm sürdüyünü bir daha göstərdi”.

Mission News Theme by Compete Themes.