Son yeniləmə: 17 Aprel 2023 17:06
BAYRAQDAR MEDİA – Aprelin 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, “görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin perspektivləri, eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub”.
Məlumata əsasən, nazir Ceyhun Bayramov üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb: “Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyünü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyini, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.