Son yeniləmə: 17 Aprel 2023 11:47
BAYRAQDAR MEDİA – Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) “Simfonik, səhnə və xor musiqisi” bölməsinin iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sözügedən qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, bölmənin sədri, Xalq artisti Azər Dadaşov, bəstəkarlar – Xalq artisti Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Rüfət Ramazanov, Mürsəl Arazbəyli (Gəbəybəyov) və musiqişünas Xanlar Novruzov iştirka edib: “İclas bir neçə əsərin müzakirəsinə həsr olunub. Əvvəlcə Mürsəl Arazbəylinin simfonik orkestr üçün iki pyesi, Məmmədağa Umudovun fortepiano və zurna üçün yazdığı “Cümhuriyyət marşı” və Azər Dadaşovun bəstələdiyi – Heydər Əliyevə həsr olunmuş “Vətən oğlu” 16 saylı simfoniyası ilkin variantda dinlənilib”.
Məlumata görə, iştirakçılar fikirlərini bildiriblər: “M.Arazbəylinin və M.Umudovun müəllifi olduğu əsərlər üzərində qismən düzəliş və tamamlama işlərinə ehtiyac duyulduğu söylənib. İclas kafi qiymətləndirilib, müzakirə edilən musiqi nümunələrinə böyük səhnə ömrü və hər üç bəstəkara yeni uğur arzulanıb”.