Son yeniləmə: 17 Aprel 2023 11:59
Şəhla Şabanova: İlk növbədə hemofiliyalı xəstələr mümkün olduqca özlərini qorumalı, ağır işlərdən uzaq olmalıdırlar
BAYRAQDAR MEDİA – Hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 17-də Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, SN-nin mütəxəssis ekperti, hematoloq Şəhla Şabanova media-ya açıqlamasında bldirib ki, sözügedən xəstəlik qanın laxtalanma sistemində olan VIII və (və ya) IX faktorların çatışmaması ilə xarakterizə olunan irsi qan xəstəliyidir və ciddi qanamalarla izlənilən nadir xəstəliklər qrupuna daxildir: “Sözügedən xəstəliyin səbəbi qanın laxtalanmasını təmin edən faktorların əskik olmasıdır. İki tip hemofiliya var: Hemofiliya A və Hemofiliya B. Xəstəlik oynaqlarda, daxili orqanlarda və əzələlərdə spontan və ya zədədən bir neçə saat sonra qanaxma ilə xarakterizə olunur”.
Daha sonra xəstəliyin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, “müalicə prinsipində ilkin olaraq baş verə biləcək qanamanın qarşısını almaq üçün çatışmayan faktor konsentrasiyası ilə xəstəni təmin etməkdir. Qanama ən qısa müddətdə (ilk 2 saat ərzində) faktor konsentrasiyası köçürülərək durdurulmalıdır. Bundan başqa, hemofiliya xəstələri qanama riskini nəzərə alaraq xəstəliyi təsdiq edən, hansı növ, inhibitor forma, ağırlıq dərəcəsi qeyd edilən sənəd daim özləri ilə olmalıdır. Faktor köçürülməsinə rəğmən qanama davam edərsə, inhibitor varlığı araşdırılmalıdır”.
Bildirilib ki, hemofiliyadan əziyyət çəkən insanların müalicəsi ilə bağlı son illər Azərbaycanda bir sıra mühüm tədbirlər görülüb: “Prezident İlham Əliyevin “Hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanunun tətbiq edilməsi haqqında» Fərmanı bu qayğının bariz nümunəsidir. Həmçinin, 2005-ci ildə Dövlət Proqramı qəbul olunub, 2006-cı ildən isə qan laxtalandırıcı faktor preparatları ölkəmizə gətirilir və pasiyentlərə təmənnasız olaraq təqdim edilir. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına səbəb olub”.
“İlk növbədə hemofiliyalı xəstələr mümkün olduqca özlərini qorumalı, ağır işlərdən uzaq olmalıdırlar. Uzun səfərlər zamanı ilk yardım üçün lazım olan dərman və tibbi ləvazimatları olan çantanı özləri ilə götürməlidirlər. Bundan başqa, qan durulaşdıran dərmanların (Aspirin və s) nəzarətsiz qəbulu hemofiliyalı xəstələr üçün təhlükəlidir. Eyni zamanda, mümkün qədər əzələdaxili inyeksiyalardan çəkinmək lazımdır. Diş problemi ilə bağlı stomatoloqlar öncədən məlumatlandırılmalı, xəstənin mövcud vəziyyəti müalicə həkimi ilə qiymətləndirilməlidir”deyə Şəhla Şabanova əlavə edib.