Press "Enter" to skip to content

İki qardaş türk dövlətinin müstəqilliyi yönündə önəmli sənəd

Başqırd və tatar bayraqları

BAYRAQDAR MEDİA – Aprelin 14-də Sürgündəki Tatarıstan Hökuməti ilə Xaricdəki Başqırd Milli Hərəkatı Komitəsi arasında “Qarşılıqlı tanınma və iş birliyi haqqında Bəyannamə” imzalanıb.

Sənədi Tatarıstan Hökumətinin Baş naziri Rafis Kaşapov və sözügedən Başqırd Komitəsinin rəhbəri Ruslan Gabbasov imzalayıb.

Bununla bağlı xəbəri R.Kaşapov yayıb.

Bu tarixi sənədin önəmini nəzərə alaraq onun azərbaycan dilində tam mətnini təqdim edirik.

Başqırd və tatar milli hərəkatlarının qarşılıqlı tanınma və iş birliyi haqqında Bəyannaməsi

Biz, müstəqil Tatarıstan Hökuməti və Xaricdəki Başqırd Milli Hərəkatı Komitəsi (bundan sonra – tərəflər) Moskva imperializmi ilə mübarizə yolunda çalışmaları əlaqələndirmək və respublikalarımızın müstəqilliyinə nail olmaq məqsədilə aşağıdakılar üzrə razılığa gəldik:

1. Xaricdəki Başqırd Milli Hərəkatı Komitəsi və müstəqil Tatarıstan Hökumətinin müvafiq şəkildə Başqırdıstan və Tatarıstanın qanuni və səlahiyyətli təmsilçiliyi olduğunu tanıyırıq.

2. Azadlıq və müstəqillik yolunda tatar və başqırd xalqlarının milli hərəkatlarına zərər verə biləcək addımlar atmamaqla bağlı öhdəlik götürürük. İştirakçı tərəfə birbaşa dəxli olan məsələlərlə bağlı təşəbbüslər haqqında bir-birimizi məlumatlandırmağı öhdəmizə götürürük.

3. Başqırdıstan və Tatarıstanın müstəqillik əldə etmək, Rusiya Federasiyası tərkibindən çıxmaq hüququnu tanıyır və bu yolda bir-birimizə dəstək verməklə bağlı öhdəlik götürürük.

4. İcmalardan hər birinin – Başqırdıstanda tatarların, Tatarıstanda başqırdların siyasi və milli-mədəni hüquqlarına təminat verilməsini təmin edirik. Yəni:

-öz kimliyinin müəyyən edilməsi hüququ, açıq və ya gizli şəkildə kimliyin təhrif edilməsindən imtina;
-yerli dildə tam orta təhsilin alınması hüququnun təmin edilməsi (ki, bu da dövlət dilinin mütləq şəkildə öyrənilməsini istisna etmir);
-milli partiya və ictimai təşkilatların qurulması hüququ (Tatarıstanda başqırd, Başqırdıstanda tatar), həmçinin onların hər iki dövlətin siyasi həyatında iştirakı;
-yerli özünüidarədə yerli dildən istifadə hüququ.

5. Respublikalarımız arasındakı mövcud sərhədlərin toxunulmazlığını tanıyırıq.

6. Respublikalar və milli hərəkatlar arasındakı bütün mübahisə və münaqişələri yalnız danışıqlar yoluyla həll etmək öhdəliyi götürürük.

Mission News Theme by Compete Themes.