BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində qardaş Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan verilib.
“Görüşdə türk dövlətləri arasında qarşılıqlı münasibətlərin hazırda yüksələn xətlə inkişafından söz açılıb. Türk xalqlarının sahib olduğu ortaq mədəniyyət onların bir-birinə yaxınlaşdırılmasında mühüm amil kimi dəyərləndirilib. Fond tərəfindən türk dünyasına məxsus milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq aləmə çatdırılması üzrə aparılan işlərin önəmi qeyd olunub. Fondun bu səpkidəki fəaliyyətinin türk dövlətlərinin mədəni və dostluq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Fond tərəfindən Özbəkistanın mədəniyyətinin tanıdılması ilə bağlı nəşrlərin, o cümlədən özbək xalqının böyük şairi və mütəfəkkiri Əlişir Nəvainin ədəbi irsinin təbliği yönündə kitabın yayımlanması yüksək qiymətləndirilib”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilib ki, “Təşkilatın “Böyük İpək yolu üzərində türk dövlətləri”, “Türk Dünyası Mirası Osmanlı arxivlərində” və digər layihələrində Özbəkistanın iştirakının vacibliyi vurğulanıb. Daşkənddə həyata keçirilən “Şuşa günləri”nin Azərbaycan ilə Özbəkistanın mədəni sahədə əməkdaşlığına töhfə verdiyi qeyd olunub”.
“Görüş Fond ilə Özbəkistan arasında qarşılıqlı tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib. Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Fondun layihə meneceri Talgat Muxanov iştirak edib.” Bu sözlər də xəbərdə yer alır.
Fonddan verilən daha bir xəbərdə isə bildirilir ki, G.Əfəndiyeva Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva ilə də görüşüb.
“Görüşdə Türk Dövlət Başçılarının türk dünyasında hərtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərinin mühüm əhəmiyyətindən söz açılıb. Türk dövlət başçıları tərəfindən bu istiqamətdə yaradılan türk əməkdaşlıq təşkilatlarının sıx qarşılıqlı əlaqələrindən bəhs olunub. Türk xalqlarının mədəni əlaqələrin gücləndirilməsi vasitəsilə bir-birinə daha da yaxınlaşdırılmasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədləri sırasında olduğu bildirilib. Fondun həyata keçirdiyi geniş miqyaslı layihələrdə Özbəkistanın aktiv yer alması vurğulanıb. Təşkilat tərəfindən keçirilən müxtəlif tədbirlərdə, o cümlədən ötən il böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunan tədbirdə Özbəkistan Ali Məclisi Qanunvericilik Palatası deputatlarının iştirakının əhəmiyyəti diqqətə çatdırılıb. Parlament diplomatiyası vasitəsilə türk ölkələri arasında siyasi dialoqun inkişafı yönündə işlər aparan TÜRKPA ilə Fondun birgə fəaliyyətinin önəmi qeyd olunub. Fond tərəfindən Daşkənddə təşkil olunan “Şuşa Günləri” Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına töhfə kimi dəyərləndirilib”, – deyə xəbərdə bildirilir.
Həm də qeyd edilir ki, “görüşdə təşkilat ilə Özbəkistan arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və perspektivlər müzakirə edilib”.