Son yeniləmə: 15 Aprel 2023 10:36
BAYRAQDAR MEDİA – Ermənistanda hansısa idman yarışı keçirilir. Azərbaycandan da kiçik bir heyət ora gedib. Təbii ki, bu gediş təminatlıdır. Yəni həm Ermənistan ev sahibi olaraq, həm də o yarışı keçirən beynəlxalq qurum bizimkilərə təhlükəsizlik təminatı verdiyi üçün idmançılarımız ordadır.
Belə yarışlarda adətən ölkələrin komandaları öz bayraqları altında çıxış edirlər. Ermənistanla hazırkı münasibətlər fonunda Azərbaycan bayrağının İrəvanda dalğalanması, əlbəttə ki, qıcıq yaratmalıydı. Bu da hesaba alınmamış deyildi.
Lakin belə görünür ki, ermənilər bu durumda belə öz xislətindən əl çəkmir. Yəni onlar sülh və insanlar arasında qarşılıqlı anlaşmaya xidmət edən idman yarışında belə əsl mahiyyətini ortaya qoyur.
İndi bir erməni bir hərəkət etdi deyə dövləti günahlandırmalıyıqmı? Məncə hə. Çünki dövlət normal dövlət olsaydı, onun rəhbərliyinin ölkədə sözü keçsəydi belə hərəkət baş verməzdi.
Söhbət Azərbaycan bayrağının idman tədbirinin açılışında yandırılmasından gedir. Ermənilər bunu da etdilər. Etməklə bir daha öz cılız xislətlərini göstərmiş oldular…
Ümumiyyətlə bu hərəkət ermənilərin nə qədər zəif, yazıq millət olduğunu bir daha göstərdi. Bəlli olur ki, bunlar necə ki, “evdə xoruz, çöldə toyuq” olublar, elə də qalırlar. Yəni bunlarda özəlliklə də Qafqazlılara xas kişilikdən əsər-əlamət yoxdur.
Qafqaz kişiləri bir qayda olaraq zəif durumda olanlara əl qaldırmaz, sayğısızlıq etməzlər. Qafqaz elə bir yerdir ki, birisi öz düşməninin hər hansı səbəbdən zəif ola biləcəyi durumda ona hücum etməz. Hətta belə durumlarda umu-küsü bir yana qoyular, düşmənlə sakit, mehriban davranılar, onun da özünü müdafiə edə biləcəyi duruma gəlib çatmasına qədər gözlənilər. Ki, kişi kimi mücadilə aparılsın.
Amma ermənilər nə Qafqazlı kimi, nə də ümumiyyətlə normal insan kimi bu dəyərin nə olduğunu bilmirlər. Bilsəydilər o beynəlxalq idman tədbirində Azərbaycan bayrağına belə sayğısızlıq etməzdilər.
Kiçikdirlər, cılızdırlar, yazıqdırlar bunlar…
Böyüklük edə bilmirlər. Çünki böyük deyillər.
Amma Azərbaycan? Azərbaycan həmişə ermənilərə münasibətdə öz böyüklüyünü qoruyub, saxlayıb. Biz ölkəmizdə keçirilən heç bir beynəlxalq tədbirdə ermənilərin nə bayrağına, nə də özlərinə hücum etməmişik. Etmərik də. Çünki böyüklər belə cılız hərəkətlər etməzlər!
Sözümüzün canı odur ki, ermənilərin İrəvanda bayrağımıza qarşı etdiyi tərbiyəsizlik və nakişilik bizi o qədər də narahat etmir. Çünki, dediyimiz kimi, bu onların xislətindən xəbər verir. Zatən böyüklər böyük hərəkətlər edər, kiçiklər də belə kiçik davranar.
Yeri gəlmişkən, bu ermənilər elə ürəklidirlərsə, niyə 2020-ci ilin 44 günlük savaşı günlərində üzərimizə belə “cürətlə” gələ bilmədilər? Necə oldu ki, ən azı 11 min erməni fərarilik etdi, barələrində cinayət işi belə açılıb? Siz axı belə qoçaq, ürəkli idinizsə, buyurub o savaşda bunu göstərərdiniz. Göstərə bilmədiniz. Amma indi bizim bayrağımıza əl uzadırsınız. Özü də İrəvanda, adi bir idman yarışında.
Nə olsun?
Biz də sizin bayrağınızı Bakının ortasında yandıra bilərik. Amma bunu etmərik. Çünki sizin kimi cılız deyilik. Sizə gücümüzü göstərmək lazım gələndə bunu döyüş meydanında edəcəyik. Necə ki, etmişik…
Yazımızı bitirdikdə bəlli oldu ki, Gənclər və İdman Nazirliyi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması üçün qərar qəbul edib.