Son yeniləmə: 14 Aprel 2023 20:32
BAYRAQDAR MEDİA – 1979-cu ilin fevralında sonrakı illərdə İranı cəhalət girdabına sürükləyəcək islam inqilabı hakimiyyəti tam olaraq şahın əlindən aldı. Bu sırada bəzi qruplar da fürsətdən yararlanmağa çalışdı. Təəssüf ki, bu mərhələdə yenə də Güney Azərbaycanlılar və bütünlükdə türklər qurban olaraq seçildi.
Belə olaylardan biri də Sulduz qətliamıdır. İnqilabdan az sonra – 20 aprel 1979-cu ildə Kürdüstan Demokrat Partiyası adı altında bir təşkilat əhalisinin 80 faizi Azərbaycan türklərindən ibarət olan Sulduza silahlı hücumlarla dinc əhalini qırıb çatdı. Belə bir durumda mərkəzi hakimiyyət – Ayətullah Xomeyninin nəzarətində olan Tehrandakı fars-molla rejimi öz vətəndaşlarını nəinki qorumadı, əksinə, onların özünü müdafiəsini də əngəllədi.
Belə bir durumda silahsızlıq üzündən gərəkli dirənişi təşkil edə bilməyən minlərlə Azərbaycan türkü həlak oldu.
Aprelin 20-də Sulduz qətliamının 44-cü xatirə ildönümü günüdür. Bu ərəfədə yenə də görürük ki, Sulduz da daxil olmaqla Güney Azərbaycanın hər yerində türklər sıxışdırılır, köçə məcbur edilir, yaxud da sadəcə yox sayılır. O baxımdan Sulduz olaylarını xatırlamaqda, xatırlatmaqda yarar var deyə düşünürük.
Məsələylə bağlı ArazNews-un hazırladığı videonu dəyərli oxucularımıza təqdim edirik.