Press "Enter" to skip to content

Şagirdlər İlahiyyat İnstitutunu ziyarət edib

Ziyarətdən görüntü

BAYRAQDAR MEDİA – Bakının Suraxanı rayonunda təhsil alan bir qrup şagird Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Bu haqda İnstitutun yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbir zamanı Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Rektor İnstitutda mövcud ixtisaslar, keçilən fənlər, tələbələrə dəstək xidmətləri haqqında geniş məlumat verib. Aİİ-də təhsil alanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edən rektor, ali təhsil müəssisəsində mənəvi sərhədlərin keşiyində duracaq gənclərin yetişdiyini qeyd edib”.

Sonra xəbərdə, “Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək, Aİİ-nin yaradılmasının əhəmiyyətindən, məqsədyönlü fəaliyyətindən bəhs edib. Bildirib ki, gənclərin yad qüvvələrin təsirindən qorunması üçün belə ali təhsil müəssisəsinin olması vacib idi. Ölkə rəhbərliyinin gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda böyüməsi üçün dövlət-din münasibətlərinin inkişafı istiqamətində atdığı məqsədyönlü addımlar təqdirəlayiqdir” deyə vurğulanır.

Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb. Daha sonra şagirdlər İnstitutun inzibati binası ilə tanış olublar.

Qeyd edək ki, ziyarət ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.

Mission News Theme by Compete Themes.