Press "Enter" to skip to content

Milli Məclisdə Yayım Şurasına namizədlərlə bağlı müzakirə

Toplantıdan görüntü

BAYRAQDAR MEDİA – Aprelin 14-də Milli Məclisin Mədəniyyət komitəsinin toplantısı keçirilib. Toplantını giriş sözüylə açan komitə sədri Qənirə Paşayeva bildirib ki, gündəlikdə yalnız bir məsələ – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi daxil edilib.

Q.Paşayeva qeyd edib ki, “İctimai Televiziya və Radio Yayımı haqqında Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüş şəxslərin 6 illik səlahiyyət müddəti 2023-ci ilin aprelində başa çatır. Ona görə də qanunvericiliyə əsasən, yeni namizədlərin irəli sürülməsi ilə bağlı müvafiq təşkilati tədbirlər görülüb və Audiovizual Şura adıçəkilən qurumların hərəsindən iki nəfər olmaqla yeni namizədləri Milli Məclisə təqdim edib”.

Toplantıdan görüntü
Toplantıdan görüntü

“Qənirə Paşayeva diqqətə çatdırıb ki, Yayım Şurası üzvlüyünə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından qurumun katibi, aparat rəhbəri Cəfərov Həsən Şahhüseyn oğlu, mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Talıbov Əzim Zahid oğlu; Azərbaycan Milli Elmlər Akademiyasından Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Kərimli Teymur Həşim oğlu, Rəyasət Heyətinin elmi katibi Xavəri Sərxan Abbas oğlu, Azərbaycan Mətbuat Şurasından isə İdarə Heyətinin üzvləri Həsrət Azər Hacıqulu oğluFərəcov Aqil Ələsgər oğlu yeni namizədlər olaraq irəli sürülüblər”, – deyə xəbərdə bildirilir.

Toplantıdan görüntü
Toplantıdan görüntü

“Komitə sədri televiziyaların, o cümlədən İctimai Televiziyanın fəaliyyətinin dövlət və cəmiyyət üçün önəmini vurğulayıb, onların səmərəli və məhsuldar fəaliyyəti ilə bağlı fikirlərini səsləndirib. O, cəmiyyətin maarifləndirilməsində, bədii zövqün formalaşdırılmasında, informasiya xidmətinin göstərilməsində, həmçinin azərbaycançılıq ideologiyasının təbliği və Azərbaycan dilinin qorunması istiqamətində televiziyaların üzərinə düşən məsuliyyəti xüsusi vurğulayıb.” Bu sözlər də toplantı ilə bağlı yayılmış xəbərdəndir.

Xəbər verilir ki, iclasda komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərov, Aqil Abbas, Razi Nurullayev, Novruzəli Aslanov, Ülviyyə Ağayeva və Milli Məclis Aparatı Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev müzakirə olunan məsələ ilə bağlı çıxış edib: “Onlar ölkəmizdə televiziya məkanındakı mövcud durumdan söz açıblar, televiziya proqramlarının, verilişlərin, xəbərlərin keyfiyyətinin, peşəkarlığının yüksəldilməsi ilə bağlı fikirlərini səsləndiriblər”.

Müzakirələrin yekununda Yayım Şurası üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, xəbəri Milli Məclis paylaşıb.

Mission News Theme by Compete Themes.