BAYRAQDAR MEDİA – Aprelin 13-də Ermənistan mediasında bir Azərbaycanlı hərbi girova qarşı işgəncə səhnəsini əks etdirən video yayımlanıb. Bu video tez bir zamanda geniş tirajlanaraq Azərbaycanda da ciddi narahatlığa səbəb olub.
Daha sonra müəyyən edilib ki, videoda qeyri-insani münasibətə məruz qoyulduğu görülən şəxs Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Axundov Hüseyn Əhliman oğludur.
2003-cü ildə anadan olmuş H.Axundov bir neçə gün öncə xidmət etdiyi Naxçıvanın Şahbuz rayonu ərazisində əlverişsiz hava üzündən yolunu azaraq itkin düşmüşdü. İndi bəlli olur ki, o, istiqaməti itirərək Ermənistan ərazisinə gedib çıxıb və məhz görünən işgəncə səhnələri də orda çəkilib.
“Yayılmış həmin videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.” Bu cümlə Azərbaycan Baş Prokurorluğunun aprelin 13-də yaydığı açıqlamadandır.
Açıqlamada daha sonra qeyd edilir ki, “videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.
Baş Prokurorluq bəyan edir ki, “Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq”.
Onu da əlavə edək ki, baş vermiş hadisə Azərbaycan ictimai rəyini ciddi narahat etdiyi üçün özəlliklə də sosial media istifadəçiləri qlobal kampaniya başladaraq hərbçinin xilası üçün çalışır.
https://twitter.com/azerhasret/status/1646462757154291713?s=20