Son yeniləmə: 14 Aprel 2023 16:29
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada Azərbaycanın ilk peşəkar pianoçu qadınları, əslən Şuşadan olan Firuzə Qovanlı-Qacar (1889-1916) və Nəzirə Qulamşah Mirzə Qacar (1898-1990) haqqında məqalə yaradıb.
Xəyalə Məmmədli məqalələrlə bağlı BAYRAQDAR MEDİA-ya məlumat verib: “Qeyd edim ki, bu məqalələri Çingiz Qacarın “Old Shusha” (Qədim Şuşa) kitabından götürüb azərbaycancaya tərcümə etdim. Məqalələri “Şuşa İli” çərçivəsində yaratmışdım. Məqalələrdə Firuzə xanım Qovanlı-Qacar və Nəzirə xanım Qulamşah Mirzə Qacar haqqında ətraflı məlumat vermişəm. Onu da bildirim ki, Firuzə xanım və Nəzirə xanım əmiqızı olublar və onlar haqqında bioqrafik məlumatları Firuzə xanımın nəvəsi Gülrəna Mirzə toplayıb”.
Bildirək ki, Firuzə xanım Tiflisdə çar, sonralar isə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun polkovniki, Şuşalı Seyfulla Mirzə Qacarın ailəsində anadan olub. Onun anası Rüxsarə xanım uşaqlara fortepiano dərsi verib. Onların evlərində tez-tez musiqi məclisləri təşkil olunub və bura təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilib.
Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb. Konservatoriyanı əla qiymətlərlə bitirdikdən sonra Tiflisə qayıdıb. Müəyyən vaxtdan sonra burada ailə həyatı qurub. Onun yaradıcılıqla bağlı bir çox planları olsa da tale buna imkan verməyib. O, ilk övladını dünyaya gətirərkən doğuş zamanı – 27 yaşında vəfat edib.
Firuzə xanımın əmisi qızı Nəzirə xanım da Tiflisdə hərbçi ailəsində anadan olub. O, burada Birinci Qadın Gimnaziyasının səkkiz sinfini və bütün Qafqazda məşhur olan Müqəddəs Nina məktəbini bitirən ilk müsəlman qızlarından biri olub. Sonralar Nəzirə xanım hər yerdə ilk azərbaycanlı pianoçu xanım kimi böyük sevgi ilə qarşılanıb.