Press "Enter" to skip to content

3 su anbarında təmir və bərpa işləri aparılır

Son yeniləmə: 14 Aprel 2023 11:49

BAYRAQDAR MEDİA – 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızdakı su anbarlarlarında təmir və bərpa işlərinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, Füzuli rayonundakı 3 su anbarında da hazırda təmir və bərpa işləri aparılır: “Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları mövcuddur. Köndələnçay-1 1951-ci ildə, Köndələnçay-2 1962-ci ildə, Aşağı Köndələnçay su anbarı isə 1980-cı ildə tikilib istismara verilib. Köndələnçay 1 və 2 su anbarları Aşağı Köndələnçay su anbarının qidalandırılması rolunu oynayır. 30 il baxımsız qaldığı üçün hər 3 anbar qəzalı vəziyyətə düşüb. Buna görə də anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, sel ötürücü kanallarda təmir işləri həyata keçirilir. İşlər paralel olaraq hər 3 anbarda aparılır”. Məlumata əsasən, Köndələnçay-1 su anbarı 3.9 milyon kubmetr, Köndələnçay-2 su anbarı 2.1 milyon kubmetr, Aşağı Köndələnçay su anbarı isə 9.5 milyon kubmetr su tutumuna malikdir: “Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlərinin sakinləri yararlanacaq. Quruçay mövsümü gələn çay olduğu üçün daha çox yaz aylarında sel gəlir. Ona görə də üzərində qoruyucu bənd də tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır və su təmizləyici qurğu da betonlanır. Çayda su anbara gedəcək səviyyədən çox olarsa bunun üçün əlavə suburaxıcı da quraşdırılır ki, onun vasitəsilə əlavə su çayın məcrasına ötürüləcək. Həm su anbarlarında, həm selötürücü kanallarda, həm də Quruçayda görülən təmir-bərpa işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.