Son yeniləmə: 13 Aprel 2023 15:42
BAYRAQDAR MEDİA – Rumıniyanın paytaxtı Buxarestdə Ukraynanın təşəbbüsü ilə Beynəlxalq Krım Platforması çərçivəsində təşkil edilən Birinci Qara Dəniz Təhlükəsizlik Konfransı keçirilir. Aprelin 12-də açılışı olan konfrans 2 gün davam edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Qeyd edilib ki, tədbir Ukrayna Xarici İşlər Nazirliyi, Ukrayna Müdafiə Nazirliyi, Ukrayna Müdafiə Strategiyaları Mərkəzi, Rumıniya Xarici İşlər Nazirliyi və Rumıniyanın Milli Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
Krım Platformasının mətbuat xidmətinin yaydığı məluamtda deyilir ki, “Dünyanın müxtəlif ölkələrindən olan 200-dən çox ekspert, siyasətçi və dövlət liderləri Rusiya Federasiyasının təcavüzü nəticəsində Qara Dəniz regionu ölkələrinin üzləşdiyi çətinlikləri müzakirə etmək üçün Rumıniyanın paytaxtında bir araya gəliblər”. Konfransda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal hücumunun Qara Dəniz və Azov dənizi regionlarında və ondan kənarda təhlükəsizlik vəziyyətinə təsiri təhlil ediləcək. Çağırışlara və təhdidlərə cavab vermək üçün mümkün strategiya, eləcə də regionda təhlükəsizlik sisteminin gələcək konfiqurasiyası üçün əsaslar müzakirə olunacaq.