BAYRAQDAR MEDİA – Azərbaycanda bir deyim var: deyir, çaxçax baş ağrıdır, dəyirman öz işindədir. İndi bu Firəngistan (Fransa) da eynən o çaxçaxın günündədir. Baş ağrıtmaq vərdişindən əl çəkmir ki, çəkmir…
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin faktiki Azərbaycan ərazisində sərhəd bərkitmə işləri aparmasının qarşısını alarkən hərbçilərimiz şəhid edildi. Təbii ki, bu təxribat cavabsız qalmadı və qarşı tərəf də bizdən daha artıq itki verməli oldu. Amma Azərbaycan buna baxmayaraq yenə də Ermənistana hələ də dinc danışıqlar fürsətinin tükənmədiyini sezdirdi. Yəni biz hətta bu cür təxribatlar fonunda belə dinc danışıqlardan qaçmırıq, əksinə, mümkün qədər güzəştə belə gedirik ki, məsələləri masa arxasında həll edək.
Bununla belə Ermənistan isə öz ampluasındadır. Onun bacısı Firəngistan da həmçinin.
Biz Avropa Birliyinin bu hadisə ilə bağlı açıqlaması haqqında xəbər vermişdik. Yetərincə balanslı, tərəfsiz və xoşməramlı bir çağırış idi o açıqlama. Elə bizim də Azərbaycan olaraq beynəlxalq oyunçulardan gözlədiyimiz, istədiyimiz budur. Tərəfsiz olsunlar, doğrudan da tərəfləri masa arxasında oturdub həll yollarının müzakirəsinə töhfə versinlər.
Məntiqlə AB üzvü və ən aparıcı dövləti olan Firəngistan da balanslı çıxış etməli idi. Amma nə görürük? Yenə də köhnə hamam, köhnə tas.
Aprelin 12-də Fransa Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. Baxırsan ki, adamlar utanmadan, utanmaq bir yana, uyğun beynəlxalq normaları belə veclərinə almadan yenə də tərəf tutur, Azərbaycanı ittiham edir! Hədsizlik, ədəbsizlik və haqsızlıqdır bu!
Adamlar baş verənlərdən “dərin narahatlıq” hissi keçirməklə bərabər Ermənistanın “ərazi bütövlüyünə hörmət etməyə” çağırış da səsləndirir! Ki, bu Ermənistan az qala 30 il idi Azərbaycan torpaqlarını işğal altında tuturdu və bu firəng dəllalları bir dəfə də olsun “Azərbaycanın ərazi bütövlünə hörmət etməyə” çağırış səsləndirməyib!
Üstəlik bu Firəngistan az qala 30 il idi ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistanla Azərbaycan arasındakı münaqişənin çözümünə töhfə verməli idi. Amma verdimi? Əlbəttə ki, yox!
Hələ bu azmış kimi, tərəfsiz olacağı yerdə Fransa açıq şəkildə işğalçı Ermənistanın yanında yer aldı, almağa da davam edir! Özü də bunu o qədər həyasızcasına edirlər ki, sanarsan ki, dünyanın super gücüdürlər və hər kəs də bunların çaldığına oynamalıdır.
Düzdür, Azərbaycan özünə hörmət edən və güvənən bir dövlət kimi heç vaxt Fransanın bu ədəbsiz davranışları qarşısında geri çəkilməyib. Biz yeri gələndə Fransanın üstünə sadəcə AzTV efirindən deyil, elə beynəlxalq platformalarda da getmişik, onların kefini pozmuşuq. Pozmağa da davam edəcəyik.
Demək istədiyimiz budur ki, bizə bu Firəngistanın bəyanatları vız gəlir. Orda özləri üçün etdikləri səs-küy bizim heç vecimizə də deyil. Ermənistanı təsəlli etmək üçün verirlər bu açıqlamaları. Amma hər dəfə də burunları ovularaq geri çəkilirlər.
Hə, bu arada 2020-ci ilin 44 günlük Vətən Savaşı günlərini də xatırlatmaqda yarar var. Həmin o Fransa Azərbaycana qarşı sarsaq bəyanatlar verib açıq şəkildə Ermənistanı dəstəkləyirdi. Amma nə oldu? Heç nə! Firəngistan özü üçün çığıra-çığıra qaldı, bizim cəsur hərbçilərimiz də Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bir addım belə geri atmadan düşməni torpaqlarımızdan iti qovan kimi qovdu!
İndi də Firəngistanın bəyanatını vecimizə almırıq, alan da deyilik. Qoy elə özü için milçək vızıltısı misalı səs-küy eləsin. Bizsə işimizdəyik.
İşimiz deyəndə, dövlətimizin sərhədlərini möhkəmləndiririk. Azərbaycanın dünyaca tanınan öz ərazilərində suveren hüquqlarını təmin edirik. Yəni kiminsə torpağında heç gözümüz də yoxdur. Ermənistanın ərazi bütövlüyünə də göz dikməmişik. Sadəcə problem onların özündədir. Biz deyirik ki, gəlin, qarşılıqlı şəkildə ərazi bütövlüyümüzü tanıyaq, sərhəd məsələlərini həll edək. Onlarsa bunu eşitmək istəmir. Ona görə də iki ölkə arasındakı sərhədlər hələlik şərtidir və biz öz təhlükəsizliyimizi təmin etmək üçün istədiyimiz kimi davranmaqda, hələ erməni təxribatlarını ən sərt şəkildə önləməkdə haqlıyıq…
Sonda: Bugünlərdə bu Firəngistanın Lion şəhərinin meri Ermənistana gəlibmiş. Xəbər keçdi ki, bu mer özünü Qarabağın “xarici işlər naziri” sayan bir adamla görüşüb. Xəbəri eşidib az qala əsəbləşmişdim ki, bu firəng necə keçib axı Xankəndiyə? Amma sonra gördüm ki, bunların “rəsmi görüşü” İrəvanda olub. Bax, belə baxa-baxa qalarsınız Qarabağa!