BAYRAQDAR MEDİA – Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 13-də Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər”.
Daha sonra xəbərdə, “real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr “Smerç” reaktiv yaylım atəşi sistemi və “DANA” özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər. Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib” deyə bildirilir.
Qeyd edək ki, təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəlib.