Son yeniləmə: 13 Aprel 2023 09:44
Emin Həsənli: İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədədir
BAYRAQDAR MEDİA – “Bəlli olduğu kimi Azərbaycan bir çox dövlətlərlə bərabərtərəfli əməkdaşlığa xüsusi önəm verir. Xüsusilə də türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın milli maraqlarına uyğundur. Qazaxıstan da türkdilli ölkələrdən biridir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri tarixi bir hadisədir və xüsusi önəm kəsb edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, Qazaxıstan coğrafi baxımdan da önəmli bir ərazidə yerləşir: “Xəzər dənizində bizim qonşumuzdur. Eyni zamanda, Azərbaycanla Qazaxıstan bir çox beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, həmçinin, türk dünyasının inteqrasiyasının dərinləşməsi istiqamətində həyata keçirilən işlərdə Qazaxıstanın da özünəməxsus rolu vardır. Qazaxıstan Azərbaycanın haqq işinə də hər zaman dəstək verir”.
E.Həsənli deyib ki, cənab İlham Əliyev Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına xüsusi önəm verir: “2022-ci il avqustun 10-da iki ölkə arasında müttəfiqlik haqqında bəyannamə imzalandı. Bu sənədin çox böyük önəmi var. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Beynəlxalq təşkilatlarda bir-birimizə dəstək veririk. Eyni zamanda Çindən Londona qədər uzanan Asiya və Avropanın nəqliyyat infrastrukturunda da Qazaxıstanın xüsusi yeri var. O yüklər də Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarına çıxarıla bilər. Həmçinin əks istiqamətda daşımalar həyata keçirilə bilər. Eyni zamanda Qazaxıstanın enerji ehtiyyatlarının Azərbaycan üzərindən dünya bazarına çatdırılması da hər zaman xüsusi önəm verilən məsələdir. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar da reallaşır”