BAYRAQDAR MEDİA – 12 aprel 2023-cü il tarixdə Azərbaycan Audiovizual Şurasının videoformatda iclası keçirilib.
Bu haqda xəbər qurum tərəfindən yayılıb.
Xəbərdə deyilir ki, “iclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub. Qeyd edilib ki, 17 fevral 2023-cü il tarixində ARB televiziya redaksiyasının efirində nümayiş olunmuş teleticarət blokunun daxilində yayımlanan “Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi – Varikozdan lazer üsulu ilə azad olun” məzmunlu reklam materialında “Klinikamızda bütün xəstəliklərə çarə var” ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib. Müzakirələrin yekunu olaraq AŞ “Reklam haqqında” Qanunun 7.2-ci maddəsini, “Media haqqında” Qanunun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq “ARB 24” Məhdud Məsuliyyətli Cəmiyyətinin ARB televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilib, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunub”.