Press "Enter" to skip to content

“Xalq qəzeti”ində inqilabi dəyişikliklər – VİDEO

Xalq qəzeti

Son yeniləmə: 12 Aprel 2023 16:31

BAYRAQDAR MEDİA – Dövlət mediasında, özəlliklə də TV kanallarında aparılan islahatlar tamaşaçıların və bütövlükdə informasiya tələbatçılarının etimadının təkrar qazanılması baxımından önəmlidir. Çünki belə olan halda vətəndaş bir çox hallarda zərərli informasiya ilə beyinləri dumanlandıran xarici kanallara deyil, öz kanallarımıza üz tutur. O baxımdan İTV və AzTV başda olmaqla ümumiyyətlə TV kanallarımızda müşahidə edilən keyfiyyət dəyişikliyi təqdirəlayiqdir.

Bu gedişatda qəzetlərin də kənarda qalmaması vacibdir. Amma belə görünür ki, dövlət büdcəsindən maliyyələşdiyi halda az saylı dövlət qəzetlərimiz sanki yeniliyə – yenilənməyə can atmırlar. Əlbəttə, bu sahədə də istisna yox deyil.

Aprelin 11-də “Xalq qəzeti” yeni bir təşəbbüslə oxucularının, həm də tamaşaçılarının önünə çıxdı. Məlumat yayıldı ki, Xalq TV adlı Youtube kanalında qəzet artıq özünün xülasəsini təqdim edir. Özü də işinin ustadı, Əməkdar jurnalist Tahir Aydınoğlunun təqdimatında.

Açığı, bu təşəbbüsü məmnunluqla qarşıladım. Bir jurnalist, həm də bir informasiya istifadəçisi olaraq düşünürəm ki, qəzetlərimizin yeni texnologiyanın verdiyi imkanlardan belə yararlanması həm də oxucuları öz orbitində tutması üçün olduqca faydalı yanaşmadır.

“Xalq qəzeti”nin yeni təşəbbüsü həm də onunla bağlı xeyli müddətdir ictimailəşdirməyə hazırlaşdığım fikirləri qələmə almaq üçün yaxşı mənada bəhanə oldu. Ona görə də bu bəhanədən səmərəli istifadə etmək qərarına gəldim.

Qəzet sözün həqiqi mənasında inqilabi dəyişikliklərlə göz oxşayır. 2022-ci ilin sentyabrında peşəkar jurnalist, özünün həm milli, həm də beynəlxalq platformalardakı təcrübəsi ilə seçilən Əflatun Amaşovun qəzetə baş redaktor təyin edilməsi onun sıçrayışla irəli çıxmasına səbəb oldu.

Uzun illər durğunluqdan əziyyət çəkən, jurnalistika baxımından ciddi yaradıcılıq uğurları ilə diqqət çəkməyən qəzet bu qısa müddət ərzində adi tərtibatdan tutmuş yeni texnologiyaların səmərəli istifadəsinə qədər hər sahədə seçilməyə başlayıb.

“Xalq qəzeti” hazırda oxunması arzu olunan bir çap mediasıdır. O qəzeti əlimizə alanda hiss edirik ki, bir peşəkar media nüsxəsi ilə üz-üzəyik. Yazıların keyfiyyəti, mövzu rəngarəngliyi, çevik reaksiyalar və ən əsası da açıq tənqidə meydan verilməsi hazırda “Xalq qəzeti”nin xarakterinə çevrilib.

Artıq qəzetdə əvvəlki illərdə alışdığımız palaz-palaz yazılara da nadir halda rast gəlinir. Qəzet çağdaş yanaşmanın tələblərinə uyğun olaraq lakonik, eyni zamanda dolğun informasiya, şərh, təhlil təqdim edir. Həm də göz oxşayan tərtibat və təqdimatla. Bu isə oxucuların qəzetə daha çox bağlanmasına səbəb olur.

Yeni texnologiyalardan istifadəyə gəlincə, artıq Xalq TV fəaliyyət göstərir. Bundan başqa qəzetin sosial media hesabları da olduqca fəallaşıb. Əvvəllər bu qəzeti ümumiyyətlə sosial mediada görmək nadir hadisə idi. Amma indi ən əsas platformalardan “Xalq qəzeti”ni izləyir və oxuyuruq. Şəxsən mən ən operativ və vacib xəbərləri xeyli müddətdir ki, “Xalq qəzeti”nin sosial media hesablarından alıram.

Yuxarıda qəzetin tərtibatına da diqqət çəkmişdik. Burada bir məqamı da ayrıca vurğulayaq ki, yenilənmə sürəcində qəzet özünün PDF nəşrini də oxuculara təqdim edir. Bu isə hər hansı səbəbdən qəzeti əldə etməkdə çətinlik çəkənlər üçün əlavə imkandır.

Özü də bütün bu dəyişikliklər azacıq yenilənmiş eyni kollektivlə mümkün olur. Demək istədiyimiz odur ki, bizim çoxdan tanıdığımız və istedadına – qələminə bələd olduğumuz jurnalistlər illərdir orada işlədiyi halda qəzet yerində sayırdı. Amma indi görürük ki, onlara meydan veriləndə necə ciddi irəliləyiş ola bilirmiş.

Medianın canı azadlıqdadır. “Xalq qəzeti” indi azaddır. Deyə bilmərik ki, Əflatun Amaşova qədər o azad deyildi. Yəqin ki, azad idi. Necə ki, dövlət TV kanalları artıq illərdir bu azadlıq hesabına tamaşaçı etimadını bərpa edir, eləcə də dövlət qəzetləri davrana bilərdilər. Yəni dövlət, TV kanallarının azadlığını təmin edib qəzetləri nəzarətdə saxlamayıb ki. O baxımdan düşünürük ki, “Xalq qəzeti”nin də dövlət mediası olmaqla bərabər azad fəaliyyət göstərməsi üçün rəhbərin iradəsi lazımmış. O iradəni isə Əflatun Amaşov gərəkli səviyyədə ifadə edir. Və nəticə də göz önündədir.

Sosial media hesablarından “Xalq qəzeti”ni izləmək istəyənlər üçün: Facebook, Twitter, Instagram, Youtube, Telegram, Podcast.

Mission News Theme by Compete Themes.