BAYRAQDAR MEDİA – Sürgündəki Tatarıstan Hökuməti sürgündəki Çeçenistan İçkeriya Respublikasının Baş naziri Əhməd Zakayevə müraciət edərək tanınma istəyini ifadə edib.
Bu haqda aprelin 11-də Sürgündəki Tatarıstan Hökumətinin Baş naziri Rafis Kaşapovun yaydığı açıqlamada bildirilir.
Açıqlamada xatırladılır ki, 1992-ci ildə hazırda Rusiyanın işğalı altında olan Tatarıstanda keçirilmiş referendumla xalq müstəqilliyə səs verib. Lakin sonrakı mərhələlərdə Rusiya özünün işğalçı siyasətini davam etdirib, hələ də Tatarıstanı işğal altında tutur.
O da bildirilir ki, Tatarıstan kimi Çeçenistan da özünün müstəqilliyini elan edib, bu yolda qurbanlar verib. Lakin Rusiya eyni qaydada Çeçenistanı da işğal altında tutmağa davam edir.
R.Kaşapovun müraciətində o da xatırladılır ki, 2022-ci ildə Ukrayna Ali Radası Çeçenistanın Rusiya tərəfindən işğal edilmiş ərazi olmasını tanıyıb. Həmçinin Tatarıstanla bağlı bənzər bir sənəd Ali Radaya təqdim edilib.
Qeyd edilir ki, Tatarıstanın müstəqilliyinin tanınması üçün Finlandiya, Polşa, Kanada və Türkiyə ilə danışıqlar da aparılır.
Sonda vurğulanır ki, Tatarıstan və Çeçenistanın qarşılıqlı şəkildə bir-birinin müstəqilliyini tanıması ortaq faydalı iş birliyi üçün əlavə imkanlar demək olardı.