BAYRAQDAR MEDİA – Meksikanın nüfuzlu ali təhsil müəssisəsi olan Qərb Texnologiya və Ali Tədqiqatlar İnstitutunun (İTESO – Instituto Tecnológico y de Estudios Superiores de Occidente) tələbələrinə Azərbaycan haqqında geniş təqdimat keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 12-də Azərbaycanın Meksikadakı səfriliyindən məlumat verilib.
Bildirilib ki, təqdimat onlayn formatda, səfir Məmməd Talıbov və bu ölkənin Azərbaycandakı səfiri xanım Maria Viktoria Romeronun iştirakı ilə keçirilib.
Təqdimatda səfir M.Talıbov Azərbaycanın müstəqillik ənənələri, tarixi, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər barədə danışıb. Diplomat həmçinin, bu il anadan olmasının 100 illiyi qeyd olunan Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu, həmçinin Ulu Öndərin uzaqgörən siyasi baxışı və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklərdən bəhs edib.
Diplomatın çıxışında erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, davam edən sülh prosesi, ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, mədəniyyəti və multikulturalizm ənənələri haqda da məlumat verilib: Məlumata əsasən, konfransda həmçinin, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən görülən işlərdən də bəhs edilib. Səfir Meksika şirkətlərinin bərpa işlərində iştirakı imkanları, eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti barədə məlumat verib.
Bundan əlavə Meksika ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər və s. barədə də məlumat verilib, tələbələrin sualları cavablandırılıb.