Son yeniləmə: 12 Aprel 2023 13:27
Vüqar İskəndərov: Görünür Ermənistanın da düzəlməsi üçün daha bir “dəmir yumruq”, bu dəfə isə ölümcül yumruq lazımdır
BAYRAQDAR MEDİA – “2022-ci ildə 44 günlük Vətən müharibəsində misilsiz zəfər qazanan Azərbaycan Ordusu işğalçı Ermənistanı kapitulyasiya aktını imzalamaq zorunda qoydu. Düşünmək olardı ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi bu acınacaqlı məğlubiyyətdən sonra nəhayət ki, ağıllanacaq. Lakin təəssüflər olsun ki, ağıllanmadılar. Əksinə, hər keçən gün müharibə ritorikasına və silsilə təxribatlara üstünlük verdilər. Düz deyiblər ki, qozbeli qəbir düzəldər. Görünür Ermənistanın da düzəlməsi üçün daha bir “dəmir yumruq”, bu dəfə isə ölümcül yumruq lazımdır”.
Bunu Ermənistanın son təxribatlarına münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deputat qeyd edib ki, növbəti təxribatın indi törədilməsi heç də təsadüfi deyil: “Biz bilirik ki, Ermənistan hakimiyyəti, həmçinin, bu ölkənin xaricdəki havadarları regionda əbədi sülhün əldə edilməsində və iqtisadi inkişafda maraqlı deyil. Buna görə də hər dəfə sülh sazişi ilə bağlı hər hansı danışıqlar ərəfəsində Ermənistan bəlli xarici güclərin də təhriki ilə bu cür təxribatlara əl atır. Bu baxımdan Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi heç də təsadüfi deyil. Yəni, bu təxribat bir daha Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir”.
Azərbaycan Ordusunun bu təxribatlara layiqli şəkildə cavab verdiyini və şəhidlərin qanının yerdə qalmadığını deyən deputat, eyni zamanda, beynəlxalq birliyi də hərəkətə keçməyə səsləyib: “Bu gün həqiqətən də regionda sülh, sabitlik istəyən xarici ölkələr və beynəlxalq təşkilatlar vaxt itirmdən hərəkətə keçməli, Ermənistana təzyiq göstərməldirilər. Çünki Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Belə olan halda söz Qərbin, o cümlədən Avropa Birliyinindir. Avropadan söz düşmüşkən, yaxşı olardı ki, gecə-gündüz Ermənistana havadarlıq edən bəzi ölkələr “AB missisyasının bu ölkəyə gəlişindən sonra Ermənistanın müharibə ritorikasını artırması və Azərbaycan qarşı təxribatlarını intensivləşdirməsi təsüdüfdürmü, yoxsa, bu gəliş İrəvanın siyasi və hərbi rəhbərliyini nəyəsə həvəsləndirib” sualı ətrafında da baş sındırsınlar. Bu ölkələr onu da bilsinlər ki, bu cür təxribatlar heç bir nəticə verməyəcək. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir”.