BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə Respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirləri davam edir.
Bu haqda sözügedən İnstitutun aprelin 12-də yaydığı xəbərdə deyilir.
Bildirilir ki, “İnstitutun növbəti səfəri Masallı rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Öncə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat verib, Aİİ-yə gələcək fəaliyyətində uğurlar arzulayıb”.
Daha sonra xəbərdə, “Aİİ rektoru Aqil Şirinov müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib. Aİİ rəhbəri İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçilən fənlər barədə söhbət açıb” deyə qeyd olunub.
Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.