BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablar arasında Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, biologiya üzrə fəlsəfə doktoru, Dos. Sevda Tahirlinin “Qanımızın səsi” kitabı da var.
Kitab dörd fərqli qan qrupunun insanın həyatındakı roluna – onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olmaq imkanlarına necə təsir göstərməsinə dair yeni bir təlimə həsr edilib. Qeyd olunur ki, Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz qan qrupuna görə seçilməsinə üstünlük verilməsi gündoğan ölkəsində bu məsələyə çox ciddi münasibət bəslənilməsi kimi dəyərləndirilir. Belə bir mövqenin əsassız olmadığını vurğulayan bəzi müşahidəçilərin qənaətinə görə, qan qrupuyla bağlı son dövrlərdəki araşdırmalardan sonra bu problemin yaxın gələcəkdə dünya əhalisinin də çox geniş marağına səbəb olacağı fikrini söyləməyə əsas var.
Kitabda məşhur ingilis filosofu Tomas Hobbsun “Aksiomlar insanların maraqlarına zidd gəlmiş olsa idi mütləq təkzib olunacaqdı” sözləri də verilib.
Həmçinin nəşrdə qan qruplarının yaranmasının kökündə insanın qastronomik ehtiyaclarının durması vurğulanaraq onların ərazilər üzrə çox fərqli şəkildə paylanmasının tarixi səbəbləri açıqlanıb, qan qrupu ilə insanın həyat tərzi arasındakı bağlılıq kimi orijinal bir təlimin yaranmasının səbəbləri, şərtləri və nəticələri göstərilib.