Press "Enter" to skip to content

Bu, parlamenti gücləndirmək üçün atılan addımdır

Hasan Öztürk

Son yeniləmə: 12 Aprel 2023 15:27

Hasan Öztürk: Recep Tayyip Erdoğan və AK Parti icraedici hakimiyyət kimi qanunverici hakimiyyətin də güclü olmasını istəyir

BAYRAQDAR MEDİA – “AK Partidən olan nazirlərin millət vəkilliyinə namizəd siyahılarının başında yer almasının belə bir əhəmiyyəti var. Cümhurbaşqanı Recep Tayyip Erdoğan və AK Parti icraedici hakimiyyət kimi qanunverici hakimiyyətin də güclü olmasını istəyir. Ona görə də parlamentdə maksimum sayda deputatla təmsil olunmaq arzu edilir. Bu səbəbdən də R.T.Erdoğan partiyanın “ağır topları”nı, o cümlədən də nazirləri siyahıların başına qoyub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

Xatırladaq ki, Cümhurbaşqanı və AK Parti genel başqanı R.T.Erdoğan partiyasının önəmli fiqurlarını və hazırkı nazirləri Anadolu şəhərləri, o cümlədən böyük şəhərlərdən millət vəkilliyinə namizəd olaraq göstərib. Bu isə cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

Zəngin vitrin, güclü və yenilənmiş heyət

Öz növbəsində H.Öztürk deyib ki, R.T.Erdoğan partiyada əsas onurğanı qorumaqla nazirlərə bir növ lokomotiv vəzifəsini verib.

“Bu nazirlər, xüsusilə də Hulusi Akar, Mevlüt Çavuşoğlu və Süleyman Soylu terrorçulara qarşı mübarizədə, o cümlədən imperialist güclərin Türkiyə əleyhinə addımlarına daha sərt əks-reaksiyaları, qətiyyətli addımları ilə fərqlənirlər. Elə isə onların parlamentə göndərilməsi Türkiyədə seçkidən sonra qurulacaq hökumətin Qərb qarşısında daha loyal olacağı anlamına gələ bilərmi” sualına isə müsahibimiz belə cavab verib: “Mən sizin narahatlığınızı başa düşürəm. AK Parti hökumətinin Türkiyənin liderlyini əsas götürən xarici siyasətini müəyyən edən aktorlarının da millət vəkilliyinə namizəd irəli sürülməsi “yeni hökumətdə Şahinlər deyil, Göyərçinlər olacaqmı” formasında bəzi suallar meydana çıxara bilər. Amma bu narahatlıqlara əsas yoxdur. Çünki ümumilikdə bu siyasəti müəyyən edən Recep Tayyip Erdoğandır. Digər tərəfdən, əvvəla millət vəkilliyinə namizədlər siyahısına girmiş nazirlərin yenidən nazir olma ehtimalı var. Yaxud da onları nazir postunda əvəz edəcək şəxslər R.T.Erdoğanın və AK Partinin siyasətini davam etdirəcəklər. Odur ki, H.Akar, M.Çavuşoğlu kimi nazirlərin millət vəkilliyinə namizədlər siyahısna salınması gerıçəkilmə deyil, parlamenti gücləndirmək üçün atılan addımdır”.

Mission News Theme by Compete Themes.