Press "Enter" to skip to content

Avropa Birliyi tərəfləri ərazi bütövlüyünü tanımağa çağırır

Avropa Birliyi

BAYRAQDAR MEDİA – Avropa Birliyi aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı qarşıdurmaya münasibət bildirib.

Bununla bağlı aprelin 12-də qurumdan BAYRAQDAR MEDİA-ya daxil olan açıqlamada bildirilir.

Açıqlamada deyilir ki, AB Ermənistan-Azərbaycan sərhədində hər iki tərəfdən bir neçə nəfərin həlak olması və yaralanması ilə nəticələnən bu silahlı qarşıdurmaya görə təəssüf edir.

O da bildirilir ki, baş vermiş hadisə sərhədin delimitasiya edilməməsini önə çıxarır və 1991-ci ilin sərhədi əsas götürülməlidir. AB həm də hesab edir ki, qeyd olunan xətdən təhlükəsiz məsafədə geri çəkilmək lazımdır ki, belə hallar baş verməsin.

AB 2022-ci ilin oktyabrında Praqada razılaşdırılmış mövqeyə hörmət etməyə, 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınmasına da diqqət çəkib. Həm də qeyd edilib ki, qurum danışıqların sürətləndirilməsini və sərhəd məsələsinin həllini vacib sayır. AB bu işdə yardımçı olmağa hazırdır.

“Biz bütün anlaşılmazlıqları dinc yolla həll etmək üçün təmkinli olmaqla bağlı çağırışımızı yeniləyirik. AB bu cəhdləri həm də ən yüksək səviyyədə, o cümlədən Ermənistandakı missiyası vasitəsilə dəstəkləməyə davam edir”, – deyə açıqlamada bildirilir.

Mission News Theme by Compete Themes.