Press "Enter" to skip to content

ASAN xidmət və QDİƏT baş katibliyi arasında növbəti görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Aprelin 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) baş katibliyinin və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə QDİƏT-in “İnstitusional İslahatlar və Yaxşı İdarəçilik” üzrə işçi qrupunun onlayn formatda növbəti görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ASAN xidmətdən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə məqsəd Təşkilata üzv dövlətlərin müvafiq sahələrdə fəaliyyəti və nailiyyətləri üzrə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq şəbəkəsini genişləndirmək, eləcə də işçi qrupunun növbəti aylar üçün nəzərdə tutulmuş fəaliyyət planının müzakirəsi olub”.

Agentlik dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsi nəticəsində QDİƏT-ə üzv dövlətlər tərəfindən müvafiq işçi qrupun 2021-2023-cü illər üçün koordinatoru seçilib.

Agentliyin nümayəndəsi yaxşı idarəçilik sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq işçi qrupuna gələcək fəaliyyətində uğurlar arzulayıb. QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin (PERMIS) Baş katibinin birinci müavini Merve Kavakçı Dövlət Agentliyinə fəal iştirakına və təcrübəsini digər üzv dövlətlərlə bölüşdüyünə görə minnətdarlığını bildirib.

Daha sonra xəbərdə qeyd olunub ki, “görüş zamanı iştirakçılara Dövlət Agentliyinin ümumi fəaliyyət istiqamətləri, layihələri, dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsinə görə Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi mükafatına layiq görülməsi, o cümlədən cari ilin 3 aprel tarixində BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın ASAN xidmət modelinə əsaslanan “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamənin qəbul edilməsi barədə ətraflı məlumat verilib”.

Cari ilin iyun ayında Dövlət Agentliyi və QDİƏT baş katibliyinin birgə təşkilatçılığı ilə “Dövlət sektorunda innovasiyaların rolu üzrə təcrübənin bölüşülməsi” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.