Son yeniləmə: 12 Aprel 2023 09:51
Emin Həsənli: Qarabağdan separatçılar qısa müddətdə təmizlənməli, Qazaxdan Naxçıvana qədər sərhəd zonasında Ermənistan ərazisində 15-20 kilometrlik təhlükəsizlik zonası yaradılmalıdır
BAYRAQDAR MEDİA – “Ermənistan növbəti dəfə təxribat törədib. Bu dəfə Azərbaycanla sərhəddə, Laçın rayonu istiqamətində qanlı təxribat törədib”.
Bunu Ermənistanın aprelin 11-də törətdiyi növbəti təxribatla bağlı BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Azərbaycan hərbi qulluqçularının sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
E.Həsənlinin sözlərinə görə, son hadisələr bir daha göstərdi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “2020-ci ilin noyabrında Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən tərəflər üzərlərinə müəyyən öhdəlikır götürmüşdü. Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Ermənistan bu öhdəliklərin bir qismini hələ də yerinə yetirməyib. Ermənistan, həmçinin, Avropa Birliyinin vasitəçiliyi ilə aparılan danışıqların prinsiplərini də yerinə yetirmir. Ümumiyyətlə, 2020-ci ilin noyabrından sonra həm Rusiya, həm ABŞ, həm də AB-nin vasitəçiliyi ilə aparılan danışıqlarda əldə edilən ilkin razılaşmalar da məhz Ermənistan tərəfindən pozulub. Ermənistan Zəngəzur dəhlizinin açılmasını da öhdəlik kimi üzərinə götürsə də, bu günə kimi həmin dəhliz açılmayıb”.
E.Həsənli qeyd edib ki, Azərbaycanın dəfələrlə xəbərdarlıqlar etməsinə baxmayaraq, Ermənistan bundan nəticə çıxarmadı: “İndi də cəbhədə növbəti təxribat törətdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı BMT qətnamələrini yerinə yetirməyə məcbur etdi. Eləcə də məcbur edəcək ki, Ermənistan 10 noyabr bəyanatının bəndlərini tamamilə yerinə yetirsin. Kimsənin buna şübhəsi olmasın. Bu, Azərbaycan Ordusunun sülhəməcburetmə əməliyyatı, antiterror əməliyyatı olmalıdır. Bu əməliyyatla Qarabağdan separatçılar qısa müddətdə təmizlənməlidir. Qazaxdan Naxçıvana qədər sərhəd zonasında Ermənistan ərazisində 15-20 kilometrlik bufer zona, təhlükəsizlik zonası yaradılmalıdır. Necə ki, qardaş Türkiyə bunu Suriya ərazisində yaradıb”.