Son yeniləmə: 11 Aprel 2023 12:07
Dr. Yücel Karauz: Türkiyə bu sahədəki uğuru ilə dünyadakı 12 ölkədən birinə çevrildi
BAYRAQDAR MEDİA – “TCG Anadolu gəmisi Türkiyənin müdafiə sənayesinin 1974-cü ildən başlanan fəaliyyətlərinin ən yüksək nöqtəsinə çatması deməkdir. O mənada ki, Türkiyənin müdafiə sənayesi həm quru, həm hava, həm də dəniz qoşunları üçün sistemlər yaradır, istehsal edir. Çünki Türkiyə quru, hava və dəniz sərhədi olan bir ölkədir. Buna görə də müdafiə sənayesi hər üç qoşun növlərinin ehtiyacalarını təmin etmək üçün çalışmalı, ən yüksək keyfiyyətli sistemlər, məhsullar və hərbi texnika istehsal etməlidir. Tərəddüd etmədən deyə bilərəm ki, müdafiə sənayemiz qarşıya qoyulan hədəflərə çatmaq üçün son illər misilsiz işlər görüb. Son olaraq isə TCG Anadolu Türkiyə hərbi dəniz qüvvələrinin istifadəsinə təqdim edilib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, bundan öncə də Türkiyə hərbi dəniz qüvvələrinin ehtiyaclarına uyğun olaraq, millilik və yerlilik faizi çox yüksək olan MİLGEM gəmiləri, sahil mühafizə gəmiləri, sualtı qayıqlar və s. istehsal edildi:“Lakin bu TCG Anadolu gəmisi ilə Türkiyənin dənizlərdəki təsiri, gücü artıb. Onu da deyim ki, uzunluğu 232 metr, eni 31 metr olan bu gəmini hazırlamaq üçün Türkiyənin 131 firması çalışıb. Nəticədə bu gəminin istehsalında istifadə edilən sistemlərin və materilların 70 faizi yerli və millidir. Bu çox qürurverici və yüksək nəticədir. Dolayısı ilə ATAK helekopteri, BAYRAKTAR TB2, Kızılelma, milli tank və s. kimi bu gəminin istehsalı ilə Türkiyənin müdafiə sənayesi dünya miqyasında mühüm uğura imza atıb”.
Dr. Y.Karauz deyib ki, Türkiyə bu sahədəki uğuru ilə dünyadakı 12 ölkədən birinə çevrildi: “Yəni, dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. Bundan başqa dünyada şaquli eniş, qalxış edə bilən BAYRAKTAR TB3, Kızılelma SİHA-sı, Hürjet, Hürkuş, ATAK helekopterlərinin istehsalının başa çatması da müdafiə sənayemizin misilsiz uğurudur. Onu da deyim ki, bu günə kimi dünyada mövcud olan heç bir döyüş gəmisi TCG Anadolu kimi çoxməqsədli ünsürü bir araya gətirmir. TCG Anadolu ən böyük və ən ağır helikopterlərin, həmçinin, İHA-ların enib qalxa biləcyəyi öz sahəsində dünyanın ilk döyüş gəmisidir. Yəni TCG Anadolu dünyanın ilk SİHA gəmisidir. Bayraktar TB3 SİHA, Kızılelma insansız döyüş təyyarəsi, Hürjet Yüngül Hücum təyyarəmiz bu gəmiyə enib qalxa biləcək. Ümumilkdə, onu deyə bilərəm ki, maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək. Bir sözlə, bu gəminin hazırlanması ilə Türkiyə müdafiə sənayesində yazılan hekayənin ən yüksək nöqtəsinə çatılmış oldu” .