BAYRAQDAR MEDİA – Türkiyənin Azərbaycandakı Səfirliyinin AMEA-ya hədiyyə etdiyi “The British and the Turks, A History of Animosity, 1893-1923” (“İngilislər və türklər, düşmənçilik tarixi, 1893-1923”) adlı kitab Mərkəzi Elmi Kitabxanaya (MEK) daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 11-də MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “nəşrin müəllifi amerikalı alim, demoqraf Castin Makkartidir. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnstitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Əsər XIX əsrin sonu, XX əsrin əvvəllərində Britaniya hökumətinin Osmanlı İmperiyasını parçalama planlarını nəzərdən keçirir, ingilis diplomatiyasının türklər haqqında mənfi rəylərin formalaşmasındakı rolunu təhlil edir. Alimin onilliklərlə arxiv araşdırmalarına əsaslanan fikirləri ingilislərin təzyiqi ilə Osmanlı imperiyasının çökməsini dərindən öyrənməyə kömək edir. Osmanlı türkcəsini oxuya bilən C.Makkarti Qərb tarixçilərinin qərəzli olduğuna inanır, kitabda bəzi xristian missionerlər tərəfindən yayılan türklük əleyhinə önyarğılara fokuslanır”.
Qeyd edək ki, nəşr tarixçilər, tədqiqatçılar, politoloqlar, Osmanlı tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.