Press "Enter" to skip to content

İş adamından maraqlı təklif

Fikrət Əliyev

Son yeniləmə: 11 Aprel 2023 11:05

Fikrət Əliyev: Türk dünyasında xeyriyyəçilik sahəsində də vahid bir mövqedən çıxış etməyin, TDT çərçivəsində bir xeyriyyəçilik institutunun yaradılmasının vaxtı çatıb

BAYRAQDAR MEDİA – “Xeyriyyəçilik, insanlara dəstək olmaq, həmçinin, müxtəlif sahələrin inkişafı və s. məsələlərə könüllü dəstək vermək türkün gələnəyindədir. Bizim bu xeyriyyəçilik ənənələrimiz əsasın tarixin dərinliklərinə qədər uzanır. Digər tərəfdən bizim öz xeyriyyəçiliyi ilə nəinki türk dünyasına, ümumilkdə dünyaya nümunə olan Hacı Zeynalabdin Tağıyev kimi dəyərli şəxsiyyətimiz var. Yəni, bundan yola çıxaraq hesab edirəm ki, türk dünyasında digər sahələrdə olduğu kimi, xeyriyyəçilik sahəsində də vahid bir mövqedən çıxış etməyin, hətta Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bir xeyriyyəçilik institutunun yaradılmasının vaxtı çatıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, xeyriyyəçi iş adaımı Fikrət Əliyev deyib.

O, qeyd edib ki, bu institutun yaradılması bir neçə baxımından əhəmiyyətli ola bilər: “Əvvəla deyim ki, mən institut deyəndə, heç də tələbələrə hansısa dərslərin keçiriləcəyi ali təhsil ocağını nəzərdə tutmuram. Hesab edirəm ki, bu əsasən tədqiqat və təbliğat istiqamətində fəaliyyət göstərən mərkəz rolunu oynaya bilər. Yəni, dediyim kimi türk dünyasının gözəl bir xeyriyyəçilik ənənəsi, dünyaya nümunə olacaq xeyriyyəçiləri var. Amma bu da bir həqiqətdir ki, qloballaşan dünyada bəzi beynəlxalq güclərin əsas hədəflərindən biri də milli dövlətlərə xas adət-ənənələri yox etmək, həmin dövlətlərdə milli kimliyə söykənən xüsusiyyətləri tədricən, belə demək mümkünsə, insanların əlindən almaqdır. Bir sözlə, yeni dünyaya hökmranlıq etmək istəyən güclər həmin dünyada milli kökündən, adət-ənəsindən, milli xüsusiyyətlərindən uzaq düşmüş, manqurt insan kütləsinin olmasını hədəfləyib”.

F.Əliyev bildirib ki, həmin planların reallaşmaması üçün birgə addımlar atılmalıdır: “Çalışmalıyıq ki, onların bu qara planları türk dünyası bünyəsində reallaşmasın. Ona görə də, xeyirxahlığa, insan dəyərlərinə söykənən xüsusiyyətlərimizi qorumaqla yanaşı, bunun gələcək nəsillərə də çatdırmaq üçün davamlı addımlar atılmalıdır. Elə yuxarıda bəhs etdiyim institut da bu istiqamətdə önəmli rol oynaya bilər”.

Mission News Theme by Compete Themes.