BAYRAQDAR MEDİA – Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə artıq ikinci dəfədir ki, həyata keçirilən “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi – 2.0” proqramı fəaliyyətini yekunlaşdırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 11-də sözügedən qurumdan daxil olub.
Xəbərdə deyilir ki, “proqram çərçivəsində ümumilikdə 2022-2023-cü illəri əhatə etməklə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyi göstərilib və bu layihələr 6 istiqaməti əhatə edib. Gənclər təşkilatları tərəfindən gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, ətraf mühitin mühafizəsi, yerli və beynəlxalq layihələrin yazılması, idarə edilməsi istiqamətində gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması, gənclər arasında zərərli vərdişlərin aradan qaldırılması, sağlam həyat tərzinin təbliği, gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi, sahibkarlıq haqqında məlumatlılıq səviyyəsinin artırılması və regionlarda fəaliyyət göstərən gənc ictimai liderlərin potensiallarının artırılması, istiqamətləri üzrə həyata keçirilən layihələr çərçivəsində 10 şəhər/rayonda 34 təlim, 17 vörkşop/qrup işi, 15 görüş, müxtəlif istiqamətlər üzrə 4 yarış, 4 intellektual oyun və 1 sərgi keçirilib”.
Daha sonra xəbərdə bildirilir ki, “proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin artırılmasında vasitəçilik etmək, gənclərə vətənpərvərlik hisslərini mütəmadi olaraq aşılamaq, gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq, həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdan ibarət olub”.
Qeyd edək ki, proqramın yekunu olaraq Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədovun iştirakı ilə bağlanış mərasimi keçirilib. Tədbirdə NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək proqram haqqında ətraflı məlumat vermiş, həmçinin artıq proqramın yeni adda “ŞƏBƏKƏ” adı ilə fəaliyyət göstərəcəyini elan etmişdir.
Proqrama uyğun olaraq tədbirin davamında hesabat videoçarxı təqdim olunub, “ŞƏBƏKƏ” Proqramına yenidən layihələrin qəbulunun yaxın zamanda elan olunacağı bildirilib. Ənənəyə sadiq qalaraq yekunda proqramın qalibi olan təşkilatlar təltif olunub və xatirə fotosu çəkilib.