Press "Enter" to skip to content

Zəngin vitrin, güclü və yenilənmiş heyət

Nadir Azəri

Son yeniləmə: 12 Aprel 2023 10:41

AK Parti millət vəkilliyinə namizədlər siyahısında “ağır toplar”ı önə çıxarıb

BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi, mayın 14-də qardaş Türkiyədə cümhurbaşqanı və parlament seçkiləri keçiriləcək. Artıq cümhurbaşqanlığına və millət vəkilliyinə namizədlər də bəllidir.

Aprelin 9-da bütün seçki ittifaqları və partiyalar namizədlərin siyahısını Yüksək Seçki Qurumuna (YSK) təqdim edib. Prosedura əsasən, YSK aprelin 11-də həmin namizədlərlə bağlı yekun qərarı verəcək. Bundan sonra isə mübarizənin son mərhələsi başlayacaq.

Əvvəlcədən də gözlənildiyi kimi bu mərhələ xüsusilə “Cumhur İttifakı” ilə “Millet İttifakı” arasındakı mübarizə fonunda olduqca maraqlı keçəcək. Çünki bu mübarizənin nəticəsi təkcə tərəflərdən birinin qələbəsi deyil, eyni zamanda, Türkiyənin müstəqil siyasətinin davam edib-etməməsinə dair qərarın verilməsi demək olacaq. O, qərarı verən isə yenə də Türkiyə xalqı olacaq.

Onu da vurğulamaq yerinə düşər ki, cumhurbaşqanlığına namizədlikdən fərqli olaraq, parlament seçkisində hər iki düşərgə bir neçə siyahı ilə iştirak edəcək. Məsələn, “Millet İttifakı” seçkidə həm CHP bayrağı altında (CHP, Deva, Gelecek, Demokrat, Saadet və Türkiye Degişim partiyalarının namizədləri), həm də CHP-İYİ Parti ittifaqı şəklində (bəzi seçki dairələri üzrə razılaşdırılmış şəkildə namizədlərin irəli sürülməsi formasında) iştirak edəcək.

“Cumhur İttifakı”nda təmsil olunanlar isə seçkilərdə həm AK Parti bayrağı altında (bura AK Parti ilə yanaşı, HÜDA PAR və DSP-dən də namizədlər daxildir), həm də MHP, BBP və Yeniden Rifah Partiyasının hər biri öz bayrağı altında iştirak edəcək.

Bu sırada hakim AK Partinin namizədlər siyahısı xüsusilə diqqətlə izlənib və maraqla qarşılanıb. Çünki bu vaxta kimi partiyanın seçkilərə hansı heyətlə gedəcəyinə, digər partiyalardan olan namizədlərə hansı yerlərin veriləcəyinə dair müxtəlif ehtimallar səsləndirilmişdi.

Beləliklə, artıq siyahı bəllidir və görünən odur ki, AK Parti bu siyahını hazırlayarkən, necə deyərlər, yüz ölçüb, bir biçib. Partiya seçkilərdə bütün təbəqələrin səsini qazanmaq üçün çox ağıllı, düşünülmüş və əhatəli namizəd siyahısı hazırlayıb. Nəticədə bundan öncəki parlamentdə mandata sahib olan 181 AK Partili bu dəfə namizəd göstərilməyib. Bu isə o anlama gəlir ki, AK Parti parlamentdəki vitrinini köklü surətdə (65 faiz) dəyişdirmək qərarına gəlib.

Əvvəla, qadın namizədlərin sayı əvvəlki dövrlə müqayisədə artıb və onlar siyahılarda ön sıralarda namizəd kimi irəli sürülüb. Partiya bu seçkilərə ümumilkdə 113 qadın namizədlə gedir.

Vahid və daha güclü Türkiyə uğrunda!

İkincisi, uzun, təfərrüatlı və zərgər dəqiqliyi ilə aparılan araşdırmalardan sonra formalaşdırılan siyahıda seçki dairələrində güclü olan “yerli fiqurlar” önə çəkilib. Sorğular, sahə araşdırmaları və s. prosedurlarla yanaşı, aday adayların performansları, təqdim etdikləri layihələr və siyasi karyeraları üzbəüz müsahibələrdə müzakirə edilib.

Bütün prosedurlardan, namizəd olmaq istəyən 6 min 25 şəxs arasından daha layiqlilər müəyyən edildikdən sonra hazırlanan hesabatlar Cümhurbaşqanı Recep Tayyip Erdoğanın sədrlik etdiyi Yüksək Komissiyaya təqdim edilib. Həmçinin, Cümhurbaşqanı və AK Parti genel başqanı R.T.Erdoğan partiyasının önəmli fiqurlarını və hazırkı nazirləri Anadolu şəhərləri, o cümlədən böyük şəhərlərdən millət vəkilliyinə namizəd olaraq göstərib. Məlumat üçün bildirək ki, vitse-prezident Fuat Oktay Ankara 3-cü bölgə üzrə 1-ci, daxili işlər naziri Süleyman Soylu İstanbul 2-ci bölgə üzrə 1-ci, xarici işlər naziri Mevlüt Çavuşoğlu Antalyadan 1-ci, müdafiə naziri Hulusi Akar Kayseridən 1-ci sırada, həmçinin, digər nazirlər də müvafiq bölgələrdə birinci sırada millət vəkilliyinə namizəd olaraq irəli sürülüb. Ümumilkdə mövcud hökumətdəki 17 nazirdən 15-nin millət vəkilliyinə namizədliyi irəli sürülüb.

Bundan başqa, hər dəfə gənclərə güvənini ifadə edən R.T.Erdoğan, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də gəncləri seçilə biləcəkləri yerdən namizədlər siyahısına daxil edib. Yeri gəlmişkən partiyanın ən gənc namizədi İzmir 1-ci bölgədən irəli sürülən universitet tələbəsi, 18 yaşlı Nisa Alptekindir. Ən yaşlı namizəd isə İstanbul 3-cü bölgəədn irəli sürülən Azərbaycan əsilli, 73 yaşlı Şamil Ayrımdır.

Başqa bir diqqəti cəlb edən məqam isə sənətçi və media təmsilçiləri ilə bağlıdır. AK Partinin bu dəfəki siyahısnda TRT-də yayımlanan və Azərbaycan tamaşaçılaırnın da sevə-sevə izlədikləri “Payitaht Abdülhamid” dizisindəki “Tahsin Paşa” xarakterini canlandıran Bahadır Yenişehirlioğlu Manisadan 1-cı, keçmiş Türkiyə gözəli, AK Parti MKYK üzvü Seda Sarıbaş Aydın 2-ci, AK Partinin “Türkiye Yüzyılı” musiqisini bəstələyən Yücel Arzen İstanbul 3-cü bölgə 14-cü, jurnalistlər – Hulki Cevizoğlu İstanbul 1-ci bölgədən 6-cı, Şebnem Bursalı İzmir 1-ci bölgədən 3-cü, Halime Kökçe isə İstanbul 3-cü bölgədən 15-ci sıradan namizəd göstərilib.

Bir sözlə, AK Parti 2023-cü il seçkilərində zəngin vitrinlə, güclü və yenilənmiş heyətlə seçicilərin qarşısına çıxır.

Mission News Theme by Compete Themes.