BAYRAQDAR MEDİA – Türk Ağsaqqalları Birliyinin (TAİB) mərkəzi ofisində “Güney Azərbaycanın türk dünyasında yeri: Paniranizm ideologiyasının real təhlükəsi” adlı konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 10-da TAİB-dən daxil olub.
Xəbərdə deyilir ki, “konfransda millət vəkili Razi Nurullayev, türk dünyasının tanınmış yazarı, “Kərkük” Mədəniyyət Dərnəyinin rəhbəri Şemsettin Küzeci, təşkilatın İdarə Heyətinin, Qadınlar Şurasının, Gənclər Təşkilatının üzvləri, qonaqlar və media nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan TAİB-in Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Güllü Yoloğlu Güney Azərbaycanın türk dünyasındakı yerindən danışıb. Güneydəki türklərin problemlərindən söz açan natiq bildirib ki, Quzey Azərbaycan istər dil, istərsə də ərazi baxımından türk dünyasını birləşdirən bir körpüdür. İllər keçdikcə bu körpü daha da möhkəmlənir, əhəmiyyəti artır. İranın düşmənçilik mövqeyindən bəhs edən G.Yoloğlu son zamanlarda iki ölkə arasındakı münasibətlərin gərginləşməsindən, anti-Azərbaycan hərəkatının güclənməsindən, baş verən önəmli hadisələrdəki rolundan danışıb”.
Sonra millət vəkili Razi Nurullayev bildirib ki, İran Azərbaycanın ikinci müstəqillik illərindən bu tərəfə, daim düşmənçilik mövqeyində olub: “İranla bağlı biz otuz ilə yaxındır ki, danışırıq, lakin bu illər ərzində heç nə dəyişməyib. İran bizim düşmənlərimiz olan ermənilərlə birlikdə daim düşmən mövqeyində oldu. 44 günlük müharibə dövründə də biz İranın məkrli siyasətinin bir daha şahidi olduq. İran bu gün daha çox Azərbaycanın İsraillə olan münasibətlərinə qarşı çıxır. İran Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırsa da özü Ermənistana qucaq açır, İsraili isə sionist dövlət olaraq qələmə verir”.
Millət vəkili çıxışında həmçinin Türkiyə-Azərbaycan münasibətlərinə də toxunub, gəncləri daha diqqətli olmağa çağırıb.
Daha sonra söz alan TAİB-in İdarə Heyətinin üzvü, “Kərkükün susmayan səsi” statusunu alan türkmən fədaisi Şemsettin Küzeci türk dünyasının ortaq problemlərindən söz açıb. İraqda baş verən hadisələri şərh edən yazar İranda yaşayan türklərin də problemlərinə toxunub. Ən çox mədəni əlaqələrin inkişafından və keçdiyi böyük mübarizlik yolundan danışan türkmən fədaisi Azərbaycanın qüdrətli ölkə olaraq Güneydəki soydaşlara, orda yaşayan türk xalqlarına da sahib çıxmasını təqdir etdiklərini bildirib: “Mənim Azərbaycana gəlişim öz yurduma gəlişimdir. Dili bir, dini bir qardaşlarımın çoxuyla müxtəlif yerlərdə tədbir, konfrans və səfərlərdə olmuşam. Bu gün TAİB İdarə Heyətinin üzvü kimi ilk dəfədir ki ofisimizi ziyarət edirəm. Bizə Azərbaycanda elə bir doğmalıq göstərirlər ki, öz evimizdəki kimi özümüzü fərah hiss edirik. Mən əsasən təşkilatımızın fəaliyyətinə toxunmaq istəyirəm. Təşkilatın ilk üzvlərindən biri olaraq bildirim ki, TAİB-in türk dünyasında keçirdiyi böyük, əhəmiyyətli konfranslar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, öz dövlətinə dəstək olmağa çalışmasının bariz nümunəsidir. Biz belə təşkilatlarda birləşərək problemlərimizi yenə bilərik. Hədəfimiz bəlli, yolumuz bəllidir! Allah türk dünyasını qorusun”.
Konfrans zamanı digər çıxış edənlər Güney Azərbaycanın bugünkü durumundan, problemlərindən söz açıblar.