BAYRAQDAR MEDİA – Bakıdakı 220 nömrəli məktəb-lisey şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 20-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, İdarənin təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdiriləcək tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib: “Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu xeyriyyə tamaşasının əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir. Tamaşanın nümayişindən öncə 220 nömrəli məktəb-lisey ansamblı üzvlərinin skripka və tarda canlı ifaları və məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq”.
Qeyd edilib ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “Yaşat” Fonduna köçürüləcək: “Məktəblilərin ilk təşəbbüsü olan xeyriyyə tamaşası 11 aprel saat 17:00-da başlayacaq”.