Çingiz Göytürk: Bu gün İran fars dövlətinin Azərbaycana qarşı din, narkotika və terror vasitələrindən bir arada istifadə etməsinin min illik eybəcər bir ənənənin davamı olduğunu rahatlıqla söyləyə bilərik
BAYRAQDAR MEDİA – “Din, terror və narkotika. İranın bu üçündən eyni zamanda öz sapıq siyasi baxışlarını toplumlara diktə etmək məqsədilə bir vasitə kimi istifadə etməsinin tarixi kökləri vardır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycandan olan milli fəal, hazırda Finlandiyada yaşayan Çingiz Göytürk bildirib.
Onun sözlərinə görə, XI əsrdə türk Səlcuqlu dövlətinə qarşı Həsən Sabbah başçılığında başladılan Batinilər qiyamında din, narkotika və terrorun bir araya gətirilərək istifadə edildiyinin şahidi oluruq: “Bu qiyamın sosial bazasını məhz farsların təşkil etdiyinə, qiyamın da farsların yaşadığı coğrafiyada cərəyan etdiyinə diqqət yetirsək, bu gün İran fars dövlətinin Azərbaycan Respublikasına qarşı din, narkotika və terror vasitələrindən bir arada istifadə etməsinin min illik eybəcər bir ənənənin davamı olduğunu rahatlıqla söyləyə bilərik”.
İran narkotik maddələrin tranziti baxımından dünyada birinci yerə sahib olan ölkədir
Bildirilib ki, hazırkı fars-molla rejimi 44 il öncə hakimiyyətə gəldiyi ilk anlardan etibarən narkotika ilə mübarizə adı altında narkotik maddələrin istehsalı, ticarəti və tranziti ilə bağlı bütün rəqibləri edam etdirərək, sıradan çıxarmağı və sahəni tamamilə öz əlinə keçirməyi bacardı: “Beləliklə də SEPAH bu sahənin tək aparıcı qüvvəsinə çevrildi”.
Qeyd olunub ki, bu gün İran narkotik maddələrin tranziti baxımından dünyada birinci yerə sahib olan ölkədir: “SEPAH-ın buradan milyardlarla dollar gəlir əldə etdiyinə və bu gəlirlər hesabına İranın beynəlxalq səviyyədə yeritdiyi terror fəaliyyətlərini maliyyələşdirdiyinə dair saysız-hesabsız sübut, həmçinin rejimin ən yüksək səviyyədə nümayəndələrinin etirafları mövcuddur. Xüsusilə də Qasım Süleymaninin yaratdığı Qüds SEPAH-ı ölkə xaricində – Yəməndə, İraqda, Suriyada, Əfqanıstanda, Livanda, Fələstində, Azərbaycanda və s. qurduğu terror şəbəkələrinin maliyyələşdirilməsi və silahlandırılmasını məhz narkotikadan əldə edilən gəlirlər hesabına gerçəkləşdirməkdədir”.
SEPAH-ın narkotik vasitələrin ticarəti və tranziti üçün qurduğu şəbəkələrin rolu dəfələrlə ifşa edilmişdir
Ç.Göytürkün sözlərinə görə, İranın fars-molla rejiminin ölkə xaricində yaşayan müxaliflərə və xarici vətəndaşlara qarşı terror aksiyası həyata keçirməsi, oğurlanıb İrana aparılması cinayətlərində də SEPAH-ın narkotik vasitələrin ticarəti və tranziti üçün qurduğu şəbəkələrin rolu dəfələrlə ifşa edilmişdir: “Vaxtı ilə işğal olunmuş Azərbaycan torpaqlarında olduğu kimi, bu gün Suriyada, İranın təsir dairəsi altında olan bölgələrdə narkotik bitkilərin əkini və istehsalı ilə bağlı ciddi sübutlar və hesabatlar ortaya çıxmışdır. İran rəsmilərinin hər fürsətdə Qərbi terrorla yanaşı, narkotik vasitələrin yayılmasının kütləviləşdiriləcəyi ilə təhdid etməsi isə xüsusilə son dövrlər tez-tez rast gəldiyimiz bir məsələdir”.
İranın narkotik maddəsi hesabına Azərbaycanda “kərimə dövləti” qurmaq istəyən vətən xainləri…
Bildirilib ki, İran dindən, terrordan və narkotikadan öz antibəşəri siyasi əməllərinin gercəkləşdirilməsi üçün ən təsirli biçimdə sui-istifadə edən və bu məsələdə tarixdən gələn ciddi ənənəyə sahib bir ölkədir: “Bu baxımdan İranın narkotik maddəsi hesabına Azərbaycanda “kərimə dövləti” qurmaq istəyən vətən xainlərinin etirafları heç də təəccüb doğurmadı. Bu, gün kimi aydın idi ki, İranın 30 ildən artıqdır Azərbaycanda paralel apardığı narkobiznes və “dini” fəaliyyətlər ticarətdən daha çox siyasi, ideoloji məqsədlər daşımaqdadır”.