Son yeniləmə: 10 Aprel 2023 13:15
BAYRAQDAR MEDİA – “Qubada Qudyalçayın rayon ərazisindən keçən hissəsində bəndvurma işlərinə başlanılıb”.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 10-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
O, bildirib ki,Azərbaycanın ən böyük meyvəçilik rayonlarından biri də Qubadır: “Bu rayonda 18 min hektardan artıq meyvə bağı mövcuddur. Fermerlər tərəfindən hər il yeni bağ sahələri salınır. Heç kəsə sirr deyil ki, istər bağçılıq istərsə də əkinçilik sahəsinin inkişafı ilk növbədə suvarma suyundan asılıdır. Qarşıdan gələn suvarma mövsümündə fermerlərin heç bir çətinlik yaşamadan sahələrini rahat şəkildə suvarması üçün Quba Suvarma Sistemləri İdarəsi tədbirlər görülür. Təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədi ilə torpaq kanallar lil və kol-kosdan təmizlənir eləcə də hidrotexniki qurğular cari təmir edilir”.
Vurğulanıb ki, mövsüm ərzində hər hansı çətinliyin yaranmaması üçün Quba Suvarma Sistemləri idarəsi tərəfindən sahilbərkitmə işləri də aparılıb: “Bu da öz növbəsində suvarma suyundan səmərəli şəkildə istifadə etməyə imkan verir. Həçminin Qudyalçayın rayon ərazisindən keçən hissəsində bəndvurma işlərinə başlanılıb”.
Quba Sistemləri İdarəsindən verilən məlumata görə, son illər iqlim dəyişikliyi ilə əlaqədar şimal bölgəsindəki çaylarda suyun həcminin azalması müşahidə edilir: “Bu da öz növbəsində yay aylarında suvarma suyuna olan təlabatı ödəməkdə müəyyən çətinliklər yaradır. Lakin tezliklə respublika ərazisində tikiləcək 10 su anbarının 3-ü Qubada inşa olunacaq. Bununlada yaşanan çətinlik tamailə aradan qalxacaq. Belə ki, qış aylarında anbara toplanan sudan yaz və yay aylarında suvarma məqsədi ilə istifadə ediləcək. Qeyd edək ki, Quba rayonunda 26 min 33 hektar suvarılan torpaq sahəsi mövcuddur. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından eləcədə 58 ədəd subartezian quyusundan qaldırılan su heabına ödənilir”.