Son yeniləmə: 10 Aprel 2023 11:40
Fikrət Əliyev: Azərbaycanda istehsal olunacaq dərmanlar Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə, ümumilikdə türk dünyasına ixrac edilə bilər
BAYRAQDAR MEDİA – “Hesab edirik ki, Azərbaycanda dərmanlarla bağlı yerli istehsal olmalıdır. Ona görə də yaxın gələcəkdə yerli istehsal zavodu qurmağı düşünür, bu istiqamətdə çalışırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl olaraq Unity Company şirkətinin təsisçisi Fikrət Əliyev deyib.
Onun sözlərinə görə, bu zavod fəaliyyətə başlayandan sonra Azərbaycan dərmanların idxal edildiyi ölkədən, xaricə dərman ixrac edən ölkəyə çevriləcək: “Bizim ilkin hədəf ölkələrimiz də bəllidir. Düşünürük ki, Azərbaycanda istehsal olunacaq dərmanlar Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə, ümumilikdə türk dünyasına ixrac edilə bilər. Bu barədə bir qədər sonra daha geniş danışacağam. Amma öncə onu da deyim ki, biz hazırda əməkdaşlıqda da türk dünyası amilinə üstünlük veririk. Yəni, hazırda xaricdə əməkdaşlıq etdiyimiz 17 zavoddan 9-u Türkiyə zavodlarıdır. Eyni zamanda, burada zavodun fəaliyyət başlaması üçün də Türkiyədən bir zavodla razılıq əldə etmişik. Yəni, o zavodun mütəxəssisləri, ekspertiza heyəti bir il bizdə işləyəcək, bizim azərbaycanlı mütəxəssisləri təlimləndirəcəklər və iş birliyimiz ortaq formada davam edəcək. Bu iş birliyi sayəsində də Azrbaycan brendi ilə istehsal olunan dərmanlar dünya bazarına çıxarılacaq. Bir sözlə, digər sahələrdə olduğu kimi bu sahədə də Türkiyə-Azərbaycan birliyi, qardaşlığı öz sözünü deyəcək”.
F.Əliyev həmçinin, “Mən yuxarıda Azərbaycanda istehsal olunan dərmanların Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə, ümumilikdə türk dünyasına ixrac edilə biləcəyini düşündüyümüzü qeyd etdim. Əslində, burada biz böyüklərimizin işıqlı yol kimi göstərdiyi Turan ideyasına sadiqliyimizi öz sahəmizdə nümayiş etdirmək istəyirik. Yəni, hesab edirik ki, Azərbaycanda istehsal olunacaq və keyfiyyət baxımıdan dünya standartlarına cavab verəcək dərmanların əsas bazarı Turan dünyası, türk dünyası olmalıdır. Buna görə də artıq Özbəkistanla və Qazaxıstanla danışıqlar aparılıb, hazırda qeydiyyat prosesi gedir” deyib.
Müsahibimiz onu da əlavə edib ki, Azərbaycanın zəngin təbiəti var: “Bu təbiət, əsrarəngiz bitkilər bir çox dərmanların istehsalında öz sözünü deyəcək. İnşallah hər şey istədiyimiz kimi gedərsə, o zavodumuz fəaliyyətə başlayandan sonra bizdə yüksək keyfiyyətli dərmanlar istehsal olunacaq. Eyni zamanda, hesab edirən ki, dərman istehsalı həm də, azərbaycanlıların yanlış təsir altında kütləvi surətdə İrana müalicə getməsinə də son qoyacaq. Ümumiyyətlə, biz elə etməliyik ki, insanlarımız İrana dərman, yaxud müalicə üçün getməyə lüzum görməsinlər. Əslində, hesab edirəm ki, bizə dost olmayan ölkəyə müalicə, yaxud dərman dalınca getmək, hazırda doğru deyil. Biz bununla o bizə dost olmayan ölkənin büdcəsinə pulların getməsinə səbəb oluruq. Buna son qoymalıyıq. Axı söhbət, İslam dini pərdəsi altında gizlənib bizə düşmənçilik edən, Ermənistana hər cür dəstək verən İrandan gedir. İnanıram ki, Azərbaycan xalqı bizə İran tərəfindən arxadan vurulan bu zərbəni heç zaman unutmayacaq”.