Son yeniləmə: 10 Aprel 2023 11:27
BAYRAQDAR MEDİA – Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Alberta əyalətinin Kalqari və Edmonton şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 10-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Kalqari Universitetində baş tutan tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb: “Tədbiri giriş sözü ilə açan Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi Səbinə İsgəndərovavə rəhbəri Ceyhun Nəcəfov başçılıq etdikləri təşkilatın fəaliyyəti və iştirak etdikləri tədbirlər barədə məlumat veriblər”.
Qeyd edilib ki, tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Alberta əyalətində geniş məlumatlandırma kampaniyası apardıqlarına və aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib: “Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan Komitə sədri xaricdə yaşayan soydaşlarımızın həmrəyliyinin təmin olunması, post-müharibə dövründə Azərbaycan həqiqətlərinin daha güclü və mütəşəkkkil şəkildə Kanada ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib. Koordinasiya şuralarının, Azərbaycan evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət istiqamətlərinədiqqəti cəlb edib, Torontoda Azərbaycan Evinin açıldığını vurğulayıb”.
Sonra komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici video-çarxlar və Diaspor Marşı təqdim olunub: “Tədbir Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçıxışının nümayişi ilə davam edib”.
Məlumata əsasən, müzakirələr zamanı icma üzvləri Torontoda Azərbaycan Evinin fəaliyyətə başlamasını mühüm hadisə kimi qiymətləndiriblər: “Soydaşlarımızın təşkilatlanması istiqamətində aparılan ardıcıl işlər, diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, qarşıya çıxan çətinliklər, bundan sonrakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri soydaşlarımızın təkliflərini dinləyib və bütün sualları cavablandırıb”.
Görüş “Azəri kalqari Ulduzları” rəqs qrupunun təqdim etdiyi konsert proqramı ilə başa çatıb.