BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatı (BMT) İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 5-də sözügedən Nazirliyin Mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb”.
Onun sözlərinə görə, “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir: “Sayca beşinci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Nazir Azərbaycanla BMTİP arasında bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanda universal tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və kəskin xəstəliklərə qarşı dayanıqlılığının artırılması əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bundan əlavə, Azərbaycanın BMTİP ilə uğurlu tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”.
Daha sonra xəbərdə, “öz növbəsində N.Keyros gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Bildirilib ki, son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb. N.Keyroz, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin yaradılmasında BMTİP-in köməyini əsirgəməyəcəyini vurğulayıb”.
Görüşdə tərəflər yeni birgə layihələrin həyata keçirilməsi (səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi; ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək; yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlıq) və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıb.