Son yeniləmə: 6 Aprel 2023 22:51
BAYRAQDAR MEDİA – Aprelin 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb. Anım tədbiri “Zəfərə gedən yol Sizinlə başladı” adı altında keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə şəhid ailələrinin üzvləri, alimlər və media nümayəndələri iştirak ediblər. Öncə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub”.
Tədbirdə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev giriş nitqi ilə çıxış edərək şəhidlərin Azərbaycan xalqının qüruru olduğunu deyib. Baş direktor rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondunun istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin iştirakçıları, qaziləri, şəhidləri haqqında dolğun məlumat, sənəd, nəşrlər, elmi-tədqiqat işləri toplayaraq oxucularına təqdim edən Azərbaycan kitabxana sistemində yeganə fond olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra xəbərdə, “MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə çıxış edərək Aprel döyüşləri ilə başlayan mübarizədən, qəhrəman oğulların igidliklərindən bəhs edib. MEK Qadınlar Təşkilatının sədri Reyhan Cəfərova isə həmin döyüşlər zamanı düşmən itkiləri haqqında statistik məlumatlarla çıxış edib”.
“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxışında Vətən sevgisi ilə şəhid olan bütün oğulların hər kəsin qürur mənbəyi olduğunu bildirib. Çıxışı zamanı C.Həsənova yaxın zamanda oğlu haqqında çıxan kitabları və sənədli filmi MEK-ə təqdim edəcəyini deyib.
Tədbirdə, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyev, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Günel Aslanlı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, Aprel döyüşləri şəhidi Müşfiq Orucovun anası, Zəngilan rayonu 7 nömrəli tam orta məktəbin direktoru Aygün Məmmədli və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Babayevin çıxışı dinlənilib.