Son yeniləmə: 6 Aprel 2023 14:13
BAYRAQDAR MEDİA – Aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
DİM-dən BAYRAQDAR MEDİA-ya bildiirlib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 195 imtahan binası, 3 min 575 imtahan zalı ayrılıb: “İmtahanların idarə olunmasına 568 imtahan rəhbəri və ümumi rəhbər, 4 min 434 nəzarətçi-müəllim, 643 buraxılış rejimi əməkdaşı (mühafizə), 195 bina nümayəndəsi ayrılıb”.
Bildirilib ki, imtahanda 47 min 917 şagirdin iştirakı nəzərdə tutulur: “İmtahanda 12 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb”.
Məlumata əsasən, hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir: “Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir”.