TBMM-də daha çox azərbaycanlının olması üçün çalışmalıyıq
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi mayın 14-də qardaş Türkiyədə növbəti seçkilər keçiriləcək. Bu seçkilər həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə türk dünyası üçün bir çox cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Əvvəla bu dəfə seçki məntəqələrinə gedən seçicilər təkcə ölkənin yeni cümhurbaşqanını deyil, həmçinin yeni parlament üzvlərini də seçəcəklər. Yəni mayın 14-dəki səsvermənin nəticəsində qardaş ölkənin həm icraedici, həm də qanunverici hakimiyyətinin yönü, istiqaməti, rəngi bəlli olacaq. Bu bəlli olma da öz növbəsində həm də bizə, Azərbaycana və türk dünyasına öz təsirini göstərəcək. Bu təsirin müsbət olması üçün, dəfələrlə vurğuladığımız kimi, çumhurbaşqanlığı seçkisində Recep Tayyip Erdoğanın qalib gəlməsi önəmlidir. Çünki sayın Erdoğanın qələbəsi ümumilkdə türk dünyasının qələbəsi olacaq.
Təbii ki, bu baxımdan yeni formalaşacaq parlamentin də tərkibinin necə olacağı xüsusi önəm kəsb edir. Bəzi ehtimallara inansaq R.T.Erdoğanın qələbəsi tam görünsə də, “Cumhur İttifakı”nın yeni formalaşacaq parlamentdə çoxluğu əldə saxlaması üçün mayın 14-nə kimi daha çox çalışılmalı, o cümlədən bu ittifaqa daxil olan partiyalar millət vəkilliyinə namizədlərini seçərkən, necə deyərlər, yüz ölçüb, bir biçməlidirlər.
Əgər, belə demək mümkünsə, mayın 14-də seçki məntəqəsinə gedəcək Türkiyə seçiciləri partiyaların simgələri ilə yanaşı, namizədin kimliyinə də xüsusi önəm verəcəklər. Ona görə də partiyanın dəstəyindən aslı olmayaraq seçicinin səsini birmənalı şəkildə ala biləcək şəxslərin namizədliyinin üzərində dayanılması vacibdir.
Namizədlərdən söz düşmüşkən, bəlli olduğu kimi, artıq bir neçə gündür partiyaları seçkilərdə hansı namizədlərin təmsil edəcəyi istiqamətində nəbz yoxlaması aparılır. Bunun üçün öz iddiasını ortaya qoyan millət vəkilliyinə aday adayların kimliyi də bəllidir. Və elə bu məqamda xatırlatmağı özümüzə borc bilirik ki, hazırda həmin aday adaylar içərsində 9 azərbaycanlı da var. Müxtəlif partiyalardan və müstəqil şəkildə iddiasını ortaya qoyan azərbaycanlıların bu, ilkin prosesdən qalib ayrılması, həmçinin, mayın 14-də də qalib gələrək Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunmaq haqqı qazanması böyük arzumuzdur.
Məlumat üçün bildirək ki, müxtəlif partiyalardan, həmçinin, müstəqil şəkildə bu prosesə qoşulan azərbaycanlılar bunlardır: Adil Aşırım (AK Parti İstanbul millət vəkili aday adayı, Iğdırlı), Şamil Ayrım – (AK Parti İstanbul millet vəkili aday adayı, Iğdırlı), Dr. Asif Kurban – (AK Parti İzmir millət vəkili aday adayı), Dr. Esma Özörmenoğlu – (MHP Antalya millət vəkili aday adayı), Uzm. Ecz. Cavid Aydın – (MHP Eskişehir millət vəkili aday adayı), Settar Kaya – (İYİ Parti Kars millət vəkili aday adayı, Karslı), Zülfikar Aras (Milli Yol Partisi İzmir millət vəkili aday adayı, Iğdırlı), Derya Akdemir (Bağımsız İstanbul millət vəkili aday adayı, Iğdırlı) və Lokman Kızılörenlidir (MHP İzmir millət vəkili aday adayı, Iğdırlı). Ümid edirik ki, partiyalar ilkin mərhələdə istər Azərbaycandan olan, istərsə də yerli azərbaycanlılara dəstək verəcəklər.
Bununla bağlı aprelin 5-də verdiyimiz xəbərdə də qeyd etdiyimiz kimi biz də öz növbəmizdə hər bir azərbaycanlıya uğur arzulamaqla yanaşı, hesab edirik ki Azərbaycan ictimaiyyəti, hər bir fərd, o cümlədən müvafiq qurumlar bu şəxslərin əsas namizəd kimi təsdiqlənməsi, həmçinin, sonrakı prosesdə də parlamentdə təmsil olunması üçün əlindən gələn hər bir dəstəyi verməlidir. Əlbəttə, qardaş Türkiyənin iç işlərinə qarışmamaq şərtilə.
Qeyd edək ki, yeni parlamentdə azərbaycanlı millət vəkillərinin sayının çox olması yeni dönəm üçün mühüm əhəmiyyət kəsb edəcək. Düzdür, qardaş Türkiyədə terrorçu PKK-nın siyasi qanadı kimi tanınan HDP-dən olan millət vəkilləri istisna olmaqla digər partiyalar hər zaman Azərbaycanla bağlı məsələdə həmrəylik nümayiş etdiriblər. Lakin 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonra CHP-dən bəzi arzuolunmaz və erməniyönülmü səslərin eşidilməsini də diqqətdən qaçırmaq olmaz. Yəni, deyək ki, zamanında Azərbaycanda çalışmasına baxmayaraq ermənilərə dəstək fikirləri ilə ad çıxaran keçmiş səfir Ünal Çeviköz kimilər CHP xəttindən yeni parlamentə düşə bilər. Və sabah Allah eləməmiş HDP-nin erməni yanlısı, yaxud elə erməni əsilli deputatının Azərbaycan əleyhinə hansısa təklifinə elə Ü.Çeviköz kimilər dəstək ifadə edə bilərlər. Təbii ki, onların cavabının dərhal veriləcəyi bizdə şübhə doğurmur. Amma könül istər ki,onlara cavab verəcəklər arasında Azərbaycan əsilli millət vəkillərinin sayı da çox olsun. Yəni yeni TBMM-də Azərbaycan əsilli millət vəkillərinin sayının əvəllki dönəmlərdən fərqli olaraq daha çox olması arzuediləndir.
Bu arzunu gerçəyə çevirmək üçün isə biz də fəal olmalıyıq. Sual oluna bilər ki, bizim fəallığımız nədən ibarət ola biər? Hesab edirik ki, hazırda hər bir azərbaycanlı, eyni zamanda, qeyri-hökumət təşkilatları, partiyalar, müvafiq qurumlar qardaş Türkiyənin iç işlərinə qarışmamaq şərtilə Türkiyənin partiyalarına azərbaycanlı aday adayların kəsin aday olması üçün dəstək verilməsini xahiş edə, bununla bağlı dost, qardaş arzularını dilə gətirə bilərlər. O cümlədən Türkiyədəki azərbaycanlılar da həm indiki prosesdə, həm də mayın 14-də fəal olmalıdırlar. Bir sözlə, TBMM-də daha çox azərbaycanlının olması üçün çalışmalıyıq.