BAYRAQDAR MEDİA – Vəkillər Kollegiyası, Gənclər Fondunun birgə tərəfdaşlığı və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Assambleyası – NAYORA-nın təşkilatçılığı ilə “Gənclər təşkilatlarının hüquqi savadlılığının artırılması” layihəsi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 6-da NAYORA-dan daxil olub.
Xəbərdə deyilir ki, “layihə çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində VK-nın sədri Anar Bağırov və GF-nun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin görüşü keçirilib. Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, sonra NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edib, baş katib Ramin Həbibzadə isə layihənin ümumi təqdimatını keçirib”.
Sonra çıxış edən A.Bağırov Kollegiyanın GF ilə əməkdaşlığına toxunaraq, birgə bir çox faydalı layihələrin həyata keçirildiyini bildirib. VK-nın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verən sədr son illərdə vəkilliyə üz tutan hüquqşünasların əsasən gənclərdən ibarət olduğunu deyib.
Daha sonra çıxış edən Fərid Cəfərov VK ilə GF-nun sıx əməkdaşlığından danışıb, A.Bağırov Kollegiyaya sədr seçildikdən sonra gənclərdə vəkilliyə maraq yarandığını qeyd edib. Gənclərin maariflənməsinin xüsusi önəmini vurğulayan icraçı direktor gənclər təşkilatları üçün hüquqi məsələlərə dair kitabçanın hazırlanmasının bu istiqamətdə faydalı olacağını bildirib.
Xəbərdə həmçinin, “layihə çərçivəsində indiyə qədər VK-nın Rəyasət Heyətinin və digər idarəetmə bölmələrinin vəkilləri tərəfindən müxtəlif mövzular üzrə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün silsilə təlimlər keçirilib. Təlimlərdə 40 gənclər təşkilatının 100-ə yaxın nümayəndəsi iştirak edib” deyə qeyd olunur.
Panel formatında davam edən görüş zamanı təşkilat nümayəndələrinin təklifləri dinlənilib və suallar cavablandırılıb.
Qeyd edək ki, ilk təlim vəkil Lalə Nağıyeva ilə “Gənclər təşkilatlarında əməkdaş, könüllü və təcrübəçilərlə əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulması və tənzimlənməsi”, ikinci təlim Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynovla “Gənclər təşkilatlarının nümayəndələrinin müqavilələrlə iş və ideyalarının təsdiqlənməsi üçün əqli mülkiyyət sahəsində savadlılığının artırılması”, üçüncü təlim isə vəkil Əfqan Baxışov ilə “Gənclər Təşkilatlarının digər qurumlar və maraqlı tərəflərlə korporativ münasibətlərin tənzimlənməsi və korporativ hüquq siyasətinin formalaşdırılması” mövzusunda olub.