BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlar Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında saat 11:00-da başlanacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 6-da DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır: “Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur”.
Qeyd edilib ki, şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 31-dən etibarən çap edib götürə bilirlər”.