BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Fərmanın icrası ilə bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb və 2022-ci ilin noyabr ayından istifadəyə verilib. Bugünə qədər vergi orqanlarına vətəndaşlar tərəfindən 6005 müraciət daxil olub, 2001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait qaytarılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 5-də Dövlət Vergi Xidmətindən məluamt verilib.
Bildirilib ki, müraciətlərin araşdırılması zamanı ƏDV-nin geri qaytarılması üçün çətinlik yaradan bir sıra məsələlər də aşkar edilib: “Belə ki, 940 müraciət üzrə bank rekvizitləri səhv göstərildiyindən vəsaitlərin köçürülməsi mümkün olmayıb. Məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət edilməsi vaxt aldığından, belə hallar müraciətlərin icra müddətinin uzadılmasına səbəb olur. Bu səbəbdən, müraciət etməzdən əvvəl vətəndaşlara onlara xidmət göstərən banklarla məlumatların dəqiqləşdirilməsi, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə nağdsız qaydada ödənişlər edilərkən Hökümət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsindən edilməsi tövsiyə olunur. Çünki bu yolla edilmiş müraciətlərin yoxlanılması və vəsaitlərin qaytarılmasına daha az vaxt sərf edilir”.